Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda dərs ilinin uzadılması ilə bağlı yayılan iddialar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Valideynlər, şagirdlər və müəllimlər arasında gələn ildən təhsil müddətinin artırılıb-artırılmayacağı ilə bağlı suallar yaranıb. Bəs dərs ili uzadıla bilərmi?
Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev SİA-ya açıqlamasında bildirib ki, hazırda dərs ilinin uzadılması ilə bağlı hər hansı rəsmi qərar və ya aidiyyəti qurumların açıqladığı mövqe mövcud deyil:
"Təhsil müddətinin artırılması məqsədəuyğun yanaşma hesab olunmamalıdır. Əsas diqqət tədris prosesinin daha səmərəli təşkilinə yönəldilməlidir. Hazırda tədris ili 15 sentyabrda başlayır və 14 iyunda başa çatır. Məncə, daha məqsədəuyğun variant dərslərin 1 sentyabrda başlaması və 31 mayda yekunlaşmasıdır. Bu, həm tədris prosesinin daha səmərəli planlaşdırılmasına, həm də yay tətilinin qorunmasına imkan verər.
Dərs ilinin yay aylarına qədər uzadılması şagirdlərin psixoloji vəziyyətinə mənfi təsir göstərə, eyni zamanda onların istirahət müddətini azalda bilər. Hazırda bu məsələ ilə bağlı yalnız müxtəlif təklif və müzakirələr aparılır, lakin dərs ilinin uzadılması barədə hər hansı rəsmi qərar qəbul edilməyib. Bir çox ölkələrdə tədris ili may ayının sonunda başa çatır, bəzi ölkələrdə isə iyun ayında yekunlaşır. Beləliklə, hazırkı mərhələdə gələn ildən etibarən dərs ilinin uzadılması ilə bağlı rəsmi qərar yoxdur və bu barədə yayılan məlumatlar təsdiqini tapmayıb".