Azərbaycanda məktəblərdə mobil telefon və digər elektron cihazlardan istifadə ilə bağlı yeni qaydalar qüvvəyə minib. Yeni qaydalara əsasən, dərs zamanı şagirdlərin telefon, planşet, ağıllı saat və digər cihazlardan istifadəsi məhdudlaşdırılır. Məqsəd dərs prosesində diqqətin yayınmasının qarşısını almaq və tədrisin keyfiyyətini artırmaqdır. Bəs bu dəyişiklik məktəblərdə necə qarşılanacaq və gözlənilən nəticəni verəcəkmi? Bu qərarın əsas məqsədi nədir? Telefon qadağası şagirdlərin dərsə marağını və diqqətini artıra bilərmi? Bu qaydalar tətbiq olunarkən hansı çətinliklər yarana bilər?
Məsələ ilə bağlı təhsil eksperti Rasim Rzaxanov SİA-ya açıqlamasında bildirib ki, yeni qaydalara əsasən, tədris prosesi zamanı məktəblərdə telefon, planşet və digər elektron cihazlardan istifadə məhdudlaşdırılacaq:
"Məqsəd dərs zamanı diqqətin yayınmasının qarşısını almaq və tədrisin keyfiyyətini artırmaqdır. Bu dəyişikliklərin məktəblərdə necə qarşılanacağını zaman göstərəcək. Ancaq hər şeydən əvvəl qeyd etməliyik ki, bu praktika artıq dünyanın bir çox ölkəsində, xüsusilə inkişaf etmiş dövlətlərdə tətbiq olunub və müsbət nəticələr verib. Hətta telefon, planşet və digər ağıllı cihazları istehsal edən ölkələrin özlərində belə məktəblərdə onların istifadəsi qadağan edilib.
Bu sahədə İtaliya, Fransa, Niderland, Çin, Danimarka və digər inkişaf etmiş ölkələrin təcrübəsi mövcuddur. Qardaş Türkiyədə də bu nümunəni görürük. 2023-cü ildən etibarən Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən məktəblərdə telefon istifadəsi ilə bağlı yeni qaydalar tətbiq olunub. Burada əsas məqsəd nizam-intizamı gücləndirməkdir. Bu qərarın əsas məqsədləri şagirdlərin sağlamlığının, xüsusilə göz və psixi sağlamlığının qorunması, diqqətin yayınmasının qarşısının alınması və virtual asılılığın azaldılmasıdır.
Təəssüf ki, bu gün azyaşlı uşaqlar arasında telefon asılılığı çox geniş yayılıb. Bunu hər yerdə müşahidə edirik. Virtual aləm artıq onların həyatında həddindən artıq böyük yer tutur. Nəticədə bəzi uşaqlar sosial mühitə uyğunlaşmaqda, bir-biri ilə canlı ünsiyyət qurmaqda çətinlik çəkirlər. Əslində bu problem təkcə uşaqlara deyil, böyüklərə də aiddir. Ona görə də virtual asılılıqdan uzaqlaşmaq, uşaqların və şagirdlərin bir-biri ilə canlı ünsiyyətini genişləndirmək baxımından bu qərar çox vacibdir.
Digər mühüm məqam isə son illərdə Azərbaycan məktəblərində artan mənfi hallardır. Şagirdlər bəzən sinif yoldaşlarını gizli şəkildə telefon və digər elektron cihazlarla çəkir, həmin foto və videoları paylaşır, bullinq hallarına yol verirlər. Bu cür hadisələrin ağır nəticələrini görürük. Bəzi hallarda bu, psixoloji travmalara, hətta intihara qədər gətirib çıxara bilir. Düşünürəm ki, qəbul olunan bu qərar zamanla belə halların qarşısının alınmasına ciddi töhfə verəcək.
Burada hər bir təhsil müəssisəsinin üzərinə böyük məsuliyyət düşəcək. Əsas məsələlərdən biri telefonların harada və necə saxlanılmasıdır. Qərarda göstərilir ki, telefonlar qapalı qutularda saxlanılmalıdır. Lakin bütün telefon və digər cihazlar bir yerdə toplandıqda onların zədələnməsi və ya oğurlanması halları baş verə bilər. Buna görə də məktəb rəhbərliyi bu prosesi çox ciddi şəkildə təşkil etməli və tam məsuliyyət daşımalıdır. İkinci məsələ şagirdlərlə valideynlər arasında əlaqənin məhdudlaşmasıdır. Məsələn, bəzi valideynlər övladlarına gün ərzində bir neçə dəfə zəng edərək onların vəziyyəti ilə maraqlanırlar. Yeni qaydalar səbəbindən bu əlaqə çətinləşə bilər. Xüsusilə sağlamlıq imkanları məhdud olan və ya səhhətində problem olan şagirdlərin valideynləri daha çox narahatlıq keçirə bilərlər. Düşünürəm ki, belə hallarda həmin şagirdlərə gün ərzində heç olmasa bir neçə dəfə valideynləri ilə əlaqə saxlamaq imkanı yaradılmalıdır.
Bundan əlavə, bu işlə kimin məşğul olacağı da vacib məsələdir. Bu vəzifəni xüsusi ayrılmış əməkdaş, məktəb rəhbərliyi, yoxsa sinif rəhbəri yerinə yetirəcək? Bu da müəyyən çətinliklər yarada bilər. Digər çətinlik isə müəllimlərin üzərinə düşəcək. Bu qaydaların icrasına nəzarət müəllimlər üçün əlavə yük yaradacaq. Çünki bəzi şagirdlər telefon və ya digər elektron cihazları gizli şəkildə sinif otağına keçirməyə cəhd göstərə bilərlər. Belə halların qarşısını almaq üçün müəllimlər daim nəzarətdə olmalı olacaqlar. Təbii ki, ilk vaxtlar bu proses çətin olacaq. Lakin düşünürəm ki, zaman keçdikcə bütün bunlar öz müsbət nəticəsini göstərəcək.
Məncə, hər bir təhsil müəssisəsi geniş maarifləndirmə işləri aparmalıdır. Valideynlər məktəblərə dəvət olunmalı, onlarla qarşılıqlı əməkdaşlıq qurulmalıdır. Bu qərarın mahiyyəti, üstünlükləri və dünya təcrübəsində əldə olunan müsbət nəticələr ətraflı izah edilməlidir. Həm valideynlərlə, həm də şagirdlərlə bu mövzu müzakirə olunmalı, ciddi maarifləndirmə işi aparılmalıdır. Ümumilikdə isə bu qərarın müsbət tərəfləri çoxdur və mən bu qərarı dəstəkləyirəm".