Avqustun 23-də keçiriləcək parlament seçkiləri bu ölkə üçün uğurların davam etdirilməsinə təkan ola bilər
Türk dünyasının azad, demokratik dövlətlərindən olan Qazaxıstan son illər böyük inkişafa, tərəqqiyə nail olub. İqtisadi, sosial, neft, qaz, texnologiya sahəsində Qazaxıstan Orta Asiyanın lider dövlətlərindən hesab olunur. Hazırda Qazaxıstan əhalinin hər nəfərinə düşən ÜDM-nin həcminə görə Orta Asiyanın lider dövlətidir. Qazaxıstanda neft, qaz istehsalında böyük uğurlara nail olunub. Bu ölkə neft ehtiyatlarına görə, 4,5 milyard ton olmaqla dünya ölkələri arasında 11-ci yerdə, təbii qaz ehtiyatlarına görə isə, 3,9 trilyon kubmetr olması ilə 22-ci yerdədir. Qazaxıstan dünyanın ən iri uran istehsalçısıdır. Rəsmi məlumatlara görə, ölkə 20225-ci il üzrə 20, 2 min ton uran hasil edib ki, bu da qlobal ehtiyatların 41 faizə yaxınını təşkil edir. Bütövlükdə isə onun uran ehtiyatları 907 min ton (dünya ehtiyatlarının 15 %-i) həcmində qiymətləndirilir. Qonşu dövlətlərlə, xüsusilə də Türkdilli dövlətlər və xalqlarla geniş əməkdaşlıq əlaqələrinə malik olan Qazaxıstan buna görə, dünya bilriyi çərçivəsinə etibarlı tərəfdaş, dost ölkə olaraq tanınır.
Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq əlaqələri bütün sahələri əhatə edir. Təbii ki, bu əlaqələrin qurulmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rolu mühüm rol oynayır. Hər iki dövlət müstəqil dövlət olduqdan dərhal sonra bir-birini rəsmən tanıyıblar. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Milli Məclisdə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır.
İki dost, qardaş dövlət: Azərbaycan və Qazaxıstan
Azərbaycanla Qazaxıstan dövlətləri beynəlxalq təşkilatlarda, o cümlədən də İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, BMT və digər nüfuzlu təşkilatlarda biri –birini dövlət maraqlarını müdafiə edir, dəstəkləyirlər. Azərbaycanla Qazaxıstan arasında ticarət-iqtisadi əlaqələr ürəkaçandır. Hazırda Azərbaycanda Qazaxıstanın investisiyalı 200-ə yaxın kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstanın müxtəlif şirkətləri tərəfindən ölkəmizə 220 milyon dollar, azərbaycan isə Qazaxıstana isə 345 milyon dollar yaxın investisiya qoyulub. 2025-ci ilin göstəricilərinə görə, hər iki dost, qardaş ölkə arasında ticarət dövriyyəsi 750 milyon dollar təşkil edib. Azərbaycanla Qazaxıstan arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq əlaqələri qurulub. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. "SOCAR Midstream Operations" MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından "Prezident Heydər Əliyev" tankerinə ilk yüklənməsi ötən il martın 21-də, "Şuşa" tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib. Hər iki dost, qardaş ölkənin yaxın, isti əlaqələrə malik olmasının daha bir nümunəsi işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstanın dəstəyi ilə tikilmiş Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzidir. Bu Mərkəz hazırda mühüm mədəni-maarif müəssisəsinə çevrilmiş, burada 100-ə yaxın uşaq incəsənətin müxtəlif sahələri üzrə təhsil almaqdadır. Mərkəzin inşasını yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev bu layihəni Qazaxıstan xalqının və Prezident Tokayevin qardaşlıq jesti kimi yüksək qiymətləndirmişdir.
Qazaxıstanda uğurlu demokratik islahatlar həyata keçirilir
Birmənalı şəkildə demək olar ki, Qazaxıstan yalnız iqtisadi, ticarət uğurları ilə diqqəti cəlb etmir, həm də demokratik seçki prosesini həyata keçirməklə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində də möhtəşəm uğurlara imza atır. 2026-cı il martın 15-də Qazaxıstan Konstitusiyasına təklif edilən əlavələrin və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirilməsi bu ölkənin demokratik dəyərlərə sadiq olduğunu nümayiş etdirdi. Artıq iyulun 1-dən etibarən yeni Konstitusiya qüvvəyə minib və bununla da 1995-ci il avqustun 30-da qəbul edilən əsas qanun qüvvədən düşüb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu münasibətlə xalqı təbrik edib. Prezident Kasım-Jomart Tokayevin təbrikində deyilir: "Bu gün Qazaxıstanın tarixində yeni bir dövrün başlanğıcıdır. Biz tərəqqi, siyasi və iqtisadi islahatlar və genişmiqyaslı modernləşmə istiqamətində böyük bir yola qədəm qoyuruq. Bu gün siyasi sistemin köklü şəkildə yenidən qurulmasını, dövlətin və vətəndaş cəmiyyətinin əsas institutlarının transformasiyasını qeyd edirik".
Qazaxıstanda yeni Konstitusiyanın qüvvəyə minməsi ilə ölkədəki Məclis və Senatdan ibarət ikipalatalı parlamentin səlahiyyətlərinə də xitam verilib. Yeni birpalatalı Qurultaya seçkilərin, yeni hüquqi və siyasət konsepsiyanın qəbul edilməsi və bütün qanunvericiliyin yenilənmiş Konstitusiyaya uyğunlaşdırılması 2026-cı ilin avqust ayına planlaşdırılır. Yeni Konstitusiyada bir neçə əsas yeniliklər mövcuddur. Bunlar arasında vitse-prezident vəzifəsinin təsis edilməsi, parlamentin birpalatalı olması və Qurultay adlandırılması (o, 145 deputatdan ibarət olacaq və müstəsna olaraq partiya əsasında seçiləcək), Qazaxıstanın ali məsləhətçi orqanı olan "Xalq Keneşi"nin (Xalq Şurası) yaradılması, Qazaxıstan Xalqı Assambleyasının ləğv edilməsi var.Qurultaya seçkilər Konstitusiyanın qüvvəyə mindiyi gündən etibarən bir ay ərzində Prezident tərəfindən elan edilməli və iki ay ərzində keçirilməlidir. Birinci çağırış Qurultayın ilk sessiyasının açıldığı gündən etibarən iki ay ərzində dövlət başçısı Qurultayın razılığı ilə vitse-prezidenti təyin etməlidir.
Yeni Konstitusiyanın qəbulundan sonra ilk dəfə olaraq Qazaxıstanda parlamentə seçkilər keçiriləcək. Bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb. Bu il avqustun 23-nə təyin seçkilərin hazırlanması və keçirilməsi Mərkəzi Seçki Komissiyasına tapşırılıb. Qazaxıstan hökumətinə, paytaxt, vilayət və respublika əhəmiyyətli şəhərlərin hakimlərinə seçki kampaniyasının təşkilati, maddi-texniki və maliyyə təminatı üzrə bütün zəruri tədbirləri təxirə salınmadan görmək tapşırılıb.
Məlumat üçün qeyd edək ki, Qazaxıstan parlamentinin aşağı palatasına (Milli Məclisə) ümumilikdə 98 deputat seçilir. Parlamentin yuxarı palatası olan Senatın isə 47 üzvü mövcuddur. Milli Məclisə deputatların seçilməsi qarışıq sistemlə seçiləcək. Belə ki, : deputatların 70%-i partiya siyahıları, qalan 30%-i isə birmandatlı dairələr üzrə seçiləcək. Ümumilikdə, Milli Məclisin 98 deputatı - 69-u partiya siyahıları, 29-u isə birmandatlı seçki dairələri üzrə seçilməlidir. Əvvəllər aşağı palataya seçkilər proporsional sistemlə: partiya siyahıları üzrə keçirilirdi. Bununla yanaşı, seçki bülletenlərində "hamıya qarşı" qrafası yaranıb.
Haqlı və əsaslı olaraq demək olar ki, daha bir türk respublikası dünya nizamında özünəməxsus demokratik yol seçib və bu yolla uğurla addımlayır. Hər bir uğuru, qazandığı nailiyyət bu dövlətə, onun xalqına böyük şərəf və dəyər gətirir.
İ.ƏLİYEV