Məzuniyyətdə də iş: Məsuliyyət, yoxsa yanlış iş mədəniyyəti? - PSİXOLOQ AÇIQLADI

2 İyul 2026 16:37 (UTC+04:00)

Məzuniyyət iş həyatının ayrılmaz hissəsidir və onun əsas məqsədi əməkdaşın dincəlməsi, bərpa olunması və işə daha yüksək motivasiya ilə qayıtmasıdır. Buna baxmayaraq, bir çox insan məzuniyyətdə olarkən belə e-poçtlarını yoxlayır, iş zənglərinə cavab verir və gündəlik proseslərdən tam ayrıla bilmir. Bu vəziyyət belə bir sual yaradır: bu, yüksək məsuliyyət hissinin göstəricisidir, yoxsa şirkətlərdə zamanla formalaşmış və əməkdaşları daim əlçatan olmağa məcbur edən yanlış iş mədəniyyətinin nəticəsidir?

Məsələ ilə bağlı psixoloq Nabat Mirzəyeva SİA-ya açıqlamasında bildirib ki, son zamanlar çox təəssüf ki, insanlar məzuniyyətdə olduqları zaman fiziki olaraq özlərini işdən uzaqlaşdırsalar da, psixoloji baxımdan hələ də işin içində olurlar:

"Bu, kənardan məsuliyyətli davranış kimi görünsə də, zaman keçdikcə insanı psixoloji gərginliyə gətirib çıxarır. Sözsüz ki, əgər bir şəxs rəhbər vəzifəsində çalışırsa, müəyyən mənada onu anlamaq olar. Ancaq uzun müddət davam edən bu psixoloji gərginlik sonda həmin insana da mənfi təsir göstərir.

Əgər şəxs rəhbər vəzifəsində deyilsə və adi əməkdaş kimi çalışırsa, məzuniyyətini düzgün qiymətləndirməyib həmin müddətdə də işlə məşğul olursa, istər-istəməz psixoloji baxımdan daha gərgin olur. Fiziki cəhətdən sağlam görünsə də, düşüncə baxımından yorğun, stresli və gərgin olur.

Belə insanlar düşünürlər ki, əgər rəhbərlik tərəfindən verilən işi yerinə yetirməsələr, məsuliyyətsiz görünə və ya başqası ilə əvəz oluna bilərlər. Məhz bu narahatlıq səbəbindən onlar fiziki olaraq işdən uzaq olsalar belə, psixoloji baxımdan yenə də işin içində qalırlar. Biz unutmamalıyıq ki, beynimizə sakitlik və dincəlmək imkanı verməliyik. İstirahət yalnız fiziki deyil, həm də psixoloji olmalıdır. Çünki ən ciddi psixoloji gərginliklərin və bir çox sağlamlıq problemlərinin qarşısını almaq üçün insan ilk növbədə zehni olaraq dincəlməyi bacarmalıdır. Biz işləməyi yaxşı bacarırıq, amma dayanmağı, özümüzə fasilə verməyi öyrənməmişik. Halbuki ən dəyərli istirahət psixoloji olaraq özümüzü dincəltməkdir".