İki iyul tarixi ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə, hüquq qaydasının təmin edilməsi və vətəndaşların təhlükəsizliyinin keşiyində dayanan polis əməkdaşlarının peşə bayramıdır. Azərbaycan polisi ötən illər ərzində cəmiyyətin təhlükəsizliyinin təmin olunması, hüquq pozuntularının qarşısının alınması, fövqəladə hallarda operativ tədbirlərin görülməsi və insanların hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm vəzifələri yerinə yetirir. Müasir dövrdə polisin fəaliyyəti yalnız cinayətkarlıqla mübarizə ilə məhdudlaşmır. Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, kütləvi tədbirlər zamanı ictimai asayişin qorunması, məişət zorakılığı, kibercinayətkarlıq və digər çağırışlarla mübarizə də polis əməkdaşlarının gündəlik fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu baxımdan polis-vətəndaş əməkdaşlığı və qarşılıqlı etimad cəmiyyətin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Polis peşəsi böyük məsuliyyət, peşəkarlıq, operativlik və fədakarlıq tələb edir. Gecə-gündüz xidmət aparan polis əməkdaşları müxtəlif risklərlə üzləşsələr də, əsas məqsədləri insanların təhlükəsizliyini təmin etmək və ictimai sabitliyi qorumaqdır. Bəs vətəndaşlar polis haqqında nə düşünür? Onlar polis-vətəndaş münasibətlərini necə qiymətləndirirlər? Polis əməkdaşlarının fəaliyyətindən razıdırlar, yoxsa bu sahədə hansısa gözləntiləri və təklifləri var? 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Zəhra Məmmədova:
"Bütün polislərə uğurlar və can sağlığı arzu edirəm. İşlərində daim əzmkarlıq arzulayıram. Mənim qardaşım da polisdir. Onu da peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu peşə çox məsuliyyətli və şərəflidir, hər kəs bu yükün öhdəsindən gələ bilməz. Cəsarətli xanım polislərimiz də var, onların da peşə bayramını təbrik edir, hər birinə təhlükəsiz və uğurlu xidmət arzulayıram".

Şəhər sakini Səbinə Şirəliyeva:
"Polislərin peşə bayramını təbrik edirəm. Onlar daim asayişin keşiyində dayanırlar. Təbii ki, onlar olmasaydı vəziyyət çətin olardı, hər kəs bildiyini edərdi. Onların sayəsində sakitlikdir. Qız övladım olsaydı, təbii ki, istəyərdim polis olsun, çünki bu peşə çox şərəflidir. Çox sevirəm bu sahəni. Mən özüm pedaqoquam, müəllimə işləyirəm. Üç oğlum var, heyif ki, başqa sahədə çalışırlar, amma çox istəyərdim ki, onlar da polis olsunlar".

Şəhər sakini Nicat Əzizov:
"Polis əməkdaşlarının peşə bayramını təbrik edirəm. Yaxşı ki, onlar var. Onlar olmasa təhlükəsizlik, dələduzluq halları çoxalardı. Onların sayəsində sakitlikdir. Ürəkdən hər bir polis əməkdaşını təbrik edirəm. Qadın və ya kişi fərq etmir, polis peşəsini seçən və vətəndaşların qayğısına qalan, onları qoruyan hər bir polis əməkdaşı öz işlərini layiqincə yerinə yetirirlər. Gecə-gündüz xidmət aparmalarını və insanların təhlükəsizliyi naminə göstərdikləri əməyi yüksək qiymətləndirirəm".

Şəhər sakini Ruslan Hacıyev:
"Mən bütün polislərin bayramını təbrik edirəm. Allah onların canlarını sağ eləsin. Doğru, düzgün xidmətlərini yerinə yetirirlər, dövlətin qayğısına qalırlar və insanları qoruyurlar. Qadın, kişi fərq etməz, bütün polis əməkdaşlarının hamısını təbrik edirəm. Onların gördüyü iş çox məsuliyyətlidir və hər zaman böyük fədakarlıq tələb edir. Arzu edirəm ki, hər zaman sağlam olsunlar və xidmətlərində uğurlar qazansınlar".

Şəhər sakini Tunar Babayev:
"2 iyul polis əməkdaşlarının peşə bayramı münasibətilə təbrik edirəm, onlara can sağlığı arzu edirəm. Mən polis peşəsini oxumasam da, bu peşəni çox sevirəm. Bu peşədə çalışan bütün polislərə uğurlar arzu edirəm. Onların gördüyü iş hər zaman hörmətə layiqdir və cəmiyyət üçün çox önəmlidir. İnanıram ki, onlar bundan sonra da vətəndaşların təhlükəsizliyi naminə fədakarlıqla xidmət edəcəklər".

Şəhər sakini Aydın Hüseynov:
"Bütün polisləri təbrik edirəm. Onlara uğurlar, can sağlığı arzulayıram. Vətəndaşların və dövlətin qayğısına qalırlar. İstidə günəşin altında, soyuqda, çovğunda daim işlərini böyük əzmlə edirlər. Sakinlərə kömək edirlər. İndiki gənclərin polis peşəsini seçməsinin tərəfdarıyam, çünki çox qürurlu və gözəl peşədir. Hər birinə can sağlığı, ailə səadəti və xidmətlərində yeni uğurlar arzulayıram".
Lətifə Abdıyeva