“Kredit kartından düşünülməmiş istifadə maliyyə çətinliklərinə yol aça bilər”

2 İyul 2026 15:14 (UTC+04:00)

"Son 5 ildə,xüsusilə də 2015-ci ildən sonra kredit kartlarından istifadə həm dünyada, həm də Azərbaycanda əhəmiyyətli dərəcədə artıb. Bunun əsas səbəbləri nağdsız ödənişlərin genişlənməsi, elektron ticarətin inkişafı və bank xidmətlərinin daha əlçatan olmasıdır".

Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, kredit kartı düzgün istifadə edildikdə maliyyə idarəçiliyini asanlaşdıran faydalı alətdir. Amma maliyyə intizamı olmayanda bu vasitə borc yükünün artmasına və maliyyə çətinliklərinə səbəb ola bilər:

"Kredit kartlarının əsas üstünlüklərindən biri gözlənilməz xərclərin qarşılanması, ödənişlərin təhlükəsiz şəkildə həyata keçirilməsi, güzəşt müddətindən istifadə etməklə faizsiz maliyyələşmə imkanı və müxtəlif cashback, bonus və endirim proqramlarından yararlanmaqdır. Bu xüsusiyyətlər istehlakçılara daha çevik maliyyə planlaşdırması imkanı yaradır.

Biz anlamalıyıq ki, kredit kartının verdiyi vəsait əlavə gəlir deyil, bank tərəfindən təqdim olunan borcdur. Kartdan imkanlardan artıq istifadə etmək, yalnız minimum ödənişləri həyata keçirmək və ya bir kredit kartının borcunu digər kartla bağlamaq kimi yanaşmalar zamanla yüksək faiz xərcləri və borc yükünün sürətlə artmasına gətirib çıxara bilər. Xüsusilə yüksək inflyasiya və ya gəlirlərin azalması dövründə bu risklər daha da artır.

Hər kəs kredit kartından istifadə edərkən ilk növbədə kredit müqaviləsinin bütün şərtlərini diqqətlə oxumalı, illik faiz dərəcəsini, güzəşt müddətini, gecikmə faizlərini, komissiyaları və digər ödənişləri əvvəlcədən bilməlidirlər. Ən sağlam yanaşma hər ay borcun tam məbləğinin güzəşt müddəti ərzində ödənilməsidir. Bu halda kartdan faktiki olaraq faizsiz maliyyə aləti kimi istifadə etmək mümkündür.

Bundan əlavə, aylıq kredit kartı ödənişləri şəxsin ümumi gəlirlərinə uyğun planlaşdırılmalıdır. Mən şəxsən istehlak kreditləri üzrə aylıq öhdəliklərin gəlirlərin təhlükəsiz həddini aşmamasını tövsiyə edirəm. Kredit kartı gündəlik gəlir çatışmazlığını daimi maliyyələşdirmək üçün deyil, qısamüddətli likvidlik ehtiyaclarını qarşılamaq üçün istifadə olunmalıdır.

Rəqəmsal təhlükəsizlik də mühüm əhəmiyyət daşıyır. Kart məlumatları üçüncü şəxslərlə paylaşılmamalı, yalnız etibarlı internet platformalarında ödəniş edilməli, SMS və ya mobil tətbiq bildirişləri aktiv saxlanılmalı, şübhəli əməliyyatlar aşkar edildikdə dərhal banka məlumat verilməlidir.

Məndən soruşsalar deyərəm ki, kredit kartı nə yaxşı, nə də pis maliyyə alətidir. Onun faydalılığı istifadəçinin maliyyə savadlılığından və maliyyə intizamından asılıdır.Birbaşa şəxsin şəxsin intizamına bağlı seçimdir.Düzgün planlaşdırılmış istifadə və borcların vaxtında ödənilməsi kredit kartını rahat ödəniş vasitəsinə çevirir, əks halda isə uzunmüddətli borc yükü və maliyyə riskləri yarada bilər. Məncə kredit kartından istifadə edərkən əsas prinsip borc almaq deyil, maliyyəni ağıllı idarə etmək olmalıdır".

Lətifə Abdıyeva