“Sosial şəbəkələrdə ideal obraz yaratmaq insanı real həyatdan uzaqlaşdırır” - PSİXOLOQ

2 İyul 2026 15:07 (UTC+04:00)

"Sosial şəbəkələrdə ünsiyyət daha gizli xarakter daşıdığı üçün özünə güvənən və real həyatda insanlarla rahat ünsiyyət qura bilən şəxslər burada, adətən, daha az aktiv olurlar".

Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, özünəinamı aşağı olan, ünsiyyətdə çətinlik çəkən insanlar isə sosial şəbəkələrdə daha rahat və əlçatan ünsiyyət qururlar:

"Təəssüf ki, bəzən düşünürük ki, əgər onlayn tanışlıq qura biliriksə, deməli, real həyatda da münasibətlərimiz eyni dərəcədə uğurlu olacaq. Halbuki real həyatdakı ünsiyyətlə onlayn ünsiyyət eyni deyil. Çünki sosial şəbəkələrdə insanlar çox vaxt öz həyatlarını ideallaşdırır, özlərini olduqlarından daha mükəmməl göstərməyə çalışırlar. Qarşı tərəf də bu obrazın həqiqət olduğuna inanır və insan özünü həmin mühitdə daha xoşbəxt hiss edir.

Lakin real həyatda bunun əksini gördükdə tənhalıq hissi, məyusluq, hətta depressiv hallar yarana bilir. Bu vəziyyət özünəinamın daha da azalmasına səbəb olur. Digər tərəfdən, onlayn ünsiyyətdə insanlar daha çox tərif və xoş söz eşitdikləri üçün zamanla buna alışırlar. Sonradan isə real həyatda da eyni münasibəti görmək istəyirlər. Bu baş vermədikdə isə özlərini narahat hiss edir, sosial şəbəkələrə daha çox üz tutur və xoşbəxtliyi yalnız orada axtarmağa başlayırlar.

Düşünürəm ki, telefon asılılıqları içərisində sosial şəbəkə asılılığı ən ciddi problemlərdən biridir. Sosial şəbəkədən asılı olan insanlar daha çox virtual ünsiyyət qurur, daha çox insanla onlayn əlaqə saxlayırlar. Nəticədə isə real həyatdan uzaqlaşır, canlı ünsiyyətdən qaçmağa başlayırlar".

Lətifə Abdıyeva