”Broyler toyuğunun zərərli, ya faydalı olması illərdir danışılır. İlk növbədə qeyd edə bilərəm ki, broyler istehsalında hormon istifadəsi həm iqtisadi, həm də bioloji cəhətdən tamamilə mənasızdır”.
Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, toyuqların belə tez böyüməsinin səbəb əsasən hormonlar deyil:
”Onilliklər boyu aparılan seleksiya, xüsusi tənzimlənən yem rasionları və quşların saxlanma şəraitidir. Üstəlik quşçuluqda toyuqlara fərdi olaraq hormon iynəsi vurmaq, minlərlə quşun olduğu bir fabrikdə həm fiziki olaraq qeyri-mümkündür, həm də bu hormonların qiyməti toyuğun öz dəyərindən çox bahadır. Düşünürəm heç bir sahibkar belə zərərli və baha bir üsula əl atmaz.
Sənaye üsulu quşçuluqda, quşlar çox sıx mühitdə saxlanıldığı üçün xəstəliklərin qarşısını almaq məqsədilə bəzən antibiotiklərdən istifadə olunur. Burada kritik məqam gözləmə müddəti qaydasıdır. Beynəlxalq standartlara, eləcə də yerli nəzarət mexanizmlərinə görə toyuq kəsilməzdən müəyyən gün əvvəl antibiotik müalicəsi dayandırılmalıdır ki, quşun bədəni o maddəni tamamilə xaric edə bilsin. Əgər istehsalçı bu qaydaya əməl etmirsə, ətdə qalan antibiotik qalıqları insanda allergik reaksiyalara və ən qorxulusu isə antibiotikə qarşı dirəncə səbəb ola bilər. Bir istehlakçı olaraq mənşəyi bilinməyən, küçədə, kustar üsulla kəsilən toyuqları almasaq yaxşı olar.
Məsələnin digər tərəfi isə evimizdə, mətbəximizdə etdiyimiz səhvlərdir. Çox vaxt broyler toyuğunun zərərli olduğunu deyirik, amma onun çarpaz çirklənmə yaratma riskini unuduruq. Çiy toyuq əti mikrobioloji cəhətdən təhlükəli patogenlərin daşıyıcısı ola bilər. Bir çoxları marketdən toyuğu alıb evdə yuyurlar. Bu ən böyük mikrobioloji səhvdir. Toyuğu yuyarkən sıçrayan su damcıları mətbəx dəzgahına, qablara, bəlkə də çiy yeyəcəyiniz salatın üstünə yayılır və bakteriyaların çoxalması üçün təhlükəli zona yaradır. Toyuğu birbaşa düzgün temperaturda bişirmək lazımdır. Yüksək temperatur o bakteriyaları onsuz da tamamilə məhv edir. Həmçinin çiy toyuq kəsdiyimiz taxtada heç vaxt çörək, ya tərəvəz doğramamalıyıq”.