Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hücum nəticəsində çoxsaylı yaşayış binaları və mülki infrastruktur dağılıb, ölən və yaralananların olduğu bildirilir. Xilasetmə qrupları dağıntılar altında qalan insanları axtarmaq üçün əməliyyatlarını davam etdirir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın hücumları ölkənin mülki əhalisini hədəfə almağa davam edir. Onun sözlərinə görə, bu cür zərbələr Moskvanın sülh istəmədiyini və müharibəni daha da genişləndirmək niyyətində olduğunu göstərir. Prezident beynəlxalq tərəfdaşları Ukraynaya hava hücumundan müdafiə sistemləri və digər hərbi dəstəyi artırmağa çağırıb.
Hücum zamanı Kiyevin müxtəlif rayonlarında güclü partlayışlar qeydə alınıb, yaşayış binalarında yanğınlar baş verib. Yerli hakimiyyət sakinləri hava həyəcanı siqnallarına ciddi əməl etməyə və təhlükəsiz sığınacaqlarda qalmağa çağırıb. Paytaxtın bir sıra ərazilərində infrastruktur ciddi ziyan görüb, xilasedicilər isə zərərçəkənlərə yardım göstərmək üçün fasiləsiz fəaliyyət göstərirlər.
Zelenski vurğulayıb ki, Ukrayna müttəfiqlərinin dəstəyi ilə müdafiəsini gücləndirməyə davam edəcək və Rusiyaya qarşı beynəlxalq təzyiqin artırılması vacibdir. O, Rusiyanın davam edən hücumlarının yalnız Ukraynanın deyil, bütün Avropanın təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını bildirib.
Lətifə Abdıyeva