Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş nəşrlərin təqdimatı olub

2 İyul 2026 12:47 (UTC+04:00)

Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Milli Kitabxanası və "Türk Dünyası Milli Kitabxanaları" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat" və "Birinci Türkoloji Qurultay. Biblioqrafiya" kitablarının, eləcə də Türk Dünyası Milli Kitabxanaları Birliyinin təqdimat mərasimi keçirilib.

SİA xəbər verir ki, ilk olaraq Milli Kitabxanın qızıl fondundan "Ortaq irs, zəngin xəzinə" adlı sərginin açılış mərasimi baş tutub.

Daha sonra açılış nitqi çıxış edən kitabxananın direktoru Kərim Tahirov bildirib ki, 100 il əvvəl Türk dünyasını bir araya gətirmək məqsədilə 131 nümayəndə toplanmışdı:

"Aradan 100 il keçib və 131 nümayəndənin mübarizəsi öz bəhrəsini verib. Türk dövlətləri başçılarının səyləri nəticəsində sözümüz daha güclü eşidilir".

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılmasının türkologiya elminə böyük töhfə olduğunu vurğulayıb:

"Birinci Türkoloji Qurultayda müzakirə olunan məsələlər bu gün bizlər üçün dəyərlidir. Türk dünyası, irsi ilə bağlı bir çox məqamları eyni kitabda birləşdirmək olduqca müsbət haldır. Əminəm ki, Türk dünyası milli kitabxanalar birliyinin yaradılması türkologiya elminə böyük töhfə olacaq".

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov vurğulayıb ki, birinci Türkoloji Qurultay türk dünyasının birliyi yolunda mühüm tarixi hadisədir:

"Birinci Türkoloji Qurultay türk dünyasının elmi, mədəni və mənəvi birliyi baxımından xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir. Birinci Türkoloji Qurultay tarixçilər tərəfindən hər zaman yüksək qiymətləndirilib".

BDU-nun rektoru Elçin Babayev vurğulayıb ki, kitabların elektron versiyası tələbələrin istifadəsinə verilməlidir:

"Hazırda Qarabağda keçirilən "Türk Dünyası Həftəsi" çərçivəsində müxtəlif ölkələrdən alimlər, elm və mədəniyyət xadimləri iştirak edirlər. Tədbirin diqqətçəkən məqamlarından biri də ölkə daxilində müxtəlif qurumların vahid amal ətrafında birləşməsidir".

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qeyd edib ki, Birinci Türkoloji Qurultayın ideyaları bütün Türk dövlətlərində yaşadılmalıdır:

"Birinci Türkoloji Qurultayın ideyalarının yalnız Azərbaycanda deyil, digər türk respublikalarında da davam etdirilməsi vacibdir. Birinci Türkoloji Qurultayın irsi və ideyalarının yaşadılması, bu sahədə keçirilən tədbirlərin təşkili bütün türk dövlətləri üçün mühüm əhəmiyyət daşıyır".

Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, türk dünyasının siyasi, iqtisadi, tarixi və mədəni birliyi böyük əhəmiyyət daşıyır:

"Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlər türk dünyasının həm mənəvi həyatında, həm də tarixi baxımdan xalqların bir-birinə daha da yaxınlaşmasına töhfə verib. Türk birliyi həm siyasi, həm də mədəni baxımdan bizim gələcəyimizdir".

Qeyd edək ki, yeni nəşrlər Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində baş tutub.