Ekspertlərin fikrincə, bu mundial son illərin ən balanslı yarışlarından biri olacaq və çempionluğa əsas namizədi müəyyənləşdirmək əvvəlki turnirlərlə müqayisədə daha çətindir.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onların əksəriyyəti İspaniya, Fransa, Argentina, Portuqaliya və İngiltərəni kuboka ən real iddialılar hesab edir. Bəzi müəlliflər İspaniyanın gənc və dinamik heyəti sayəsində dünya çempionu olacağını düşünür, digərləri isə Fransanın güclü hücum xəttinin həlledici rol oynayacağını vurğulayır.
Ekspertlər turnirin ən böyük sürprizini də proqnozlaşdırıblar. Onların fikrincə, Yaponiya gözləniləndən daha uğurlu çıxış edə bilər. Ekvadorun da sensasiya yaratmaq potensialına malik olduğu bildirilir. Qızıl buts uğrunda əsas favoritlər sırasında isə Harri Keyn, Kilian Mbappe və digər aparıcı hücumçuların adları çəkilir.
The Guardian yazarları hesab edirlər ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026 Dünya Kuboku həm yüksək futbol keyfiyyəti, həm də gözlənilməz nəticələri ilə yadda qalacaq. Onların fikrincə, turnirdə sürprizlərin sayı əvvəlki dünya çempionatlarından çox olacaq və çempionluq uğrunda mübarizə final fitinə qədər davam edəcək.
Lətifə Abdıyeva