Açıq satılan çərəzlər sağlamlıq üçün risklidirmi? - EKSPERT DANIŞDI

2 İyul 2026 12:07 (UTC+04:00)

"Açıq şəkildə satılan bir çox qida məhsulları var ki, onların saxlanması və satışı ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə də bu məhsulların satıldığı məkan, daşınma şəraiti, qablaşdırılması, saxlanma temperaturu və mal qonşuluğu prinsiplərinə əməl olunması böyük əhəmiyyət daşıyır. Əgər bu qaydalara riayət edilmirsə, məhsul təbii və keyfiyyətli olsa belə, onun təhlükəsizliyindən danışmaq mümkün deyil. Çünki belə hallarda məhsullar müxtəlif çirklənmələrə məruz qalır".

Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

O qeyd edib ki, bu məhsulların bir çoxu yuyulmadan istehlak olunur ki, bu da sağlamlıq üçün riski daha da artırır:

"İlk növbədə qeyd etmək lazımdır ki, xüsusilə çərəzlərin, ədviyyatların, çəkisi ilə satılan paxlalıların və ev şəraitində hazırlanmış turşuların hər birinin özünəməxsus saxlanma şəraiti və temperatur rejimi mövcuddur. Bu məhsullar uyğun qablaşdırmada və müvafiq şəraitdə saxlanılmalıdır. Əks halda, istifadə olunan qablaşdırma materialları müəyyən temperaturun təsiri altında zərərli maddələr ifraz edə bilər ki, həmin maddələr birbaşa qidaya keçir.

Temperatur rejiminə əməl olunmadıqda, xüsusilə çərəzlərdə kif əmələ gələ bilər. Kiflənmə zamanı isə toksik maddələr ifraz olunur. Bu maddələr insan orqanizminə mənfi təsir göstərərək, xüsusilə qaraciyər və böyrəklərin fəaliyyətində ciddi problemlərə səbəb ola bilər.

Məhsullar yol kənarında və ya açıq havada satıldıqda isə onlar toz, ağır metallar və digər ekoloji çirkləndiricilərlə təmasda olur. Bu isə xüsusilə immun sistemi zəif olan insanlar, uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün daha böyük risk yaradır. Belə məhsullar allergik reaksiyalara, həzm sistemi pozğunluqlarına, bağırsaq problemlərinə və qida zəhərlənmələrinə səbəb ola bilər.

Bəzən insanlar açıq şəkildə satılan çərəzlərdən və ya ədviyyatlardan istifadə etdikdən sonra qarın ağrısı, ishal və digər narahatlıqlarla qarşılaşırlar. Lakin çox vaxt bunun məhz həmin məhsullardan qaynaqlandığını müəyyən edə bilmirlər.

Ən riskli məhsullardan biri də yuyulması mümkün olmayan ədviyyatlardır. Bu məhsullar mikroorqanizmlər, kimyəvi çirkləndiricilər, toz və digər kənar təsirlər nəticəsində çirklənə bilər. Nəticədə həmin çirkləndiricilər birbaşa qida vasitəsilə insan orqanizminə daxil olur.

Digər mühüm məqam isə satıcının sanitariya-gigiyena qaydalarına əməl etməsidir. Əl gigiyenasına riayət edilmədikdə, çirkli əllərlə məhsula toxunulduqda, eləcə də asqırma və ya öskürmə zamanı bakteriya və viruslar qidaya keçə bilər. Bu da məhsulun mikrobioloji çirklənməsinə səbəb olur.

Buna görə də belə məhsulları alarkən yalnız etibarlı satış məntəqələrinə üstünlük verilməlidir. Məhsullar düzgün qablaşdırılmış olmalı, qablaşdırmanın üzərində istehsalçı şirkət haqqında məlumat, məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti və saxlanma şəraiti aydın şəkildə göstərilməlidir.

Əgər çərəzlər və digər oxşar məhsullar yuyula bilirsə, istifadə edilməzdən əvvəl mütləq yuyulmalıdır. Məhsulda xoşagəlməz qoxu, dad dəyişikliyi və ya kif əlamətləri müşahidə olunarsa, ondan istifadə edilməməlidir. Unutmaq olmaz ki, kif qısa müddət ərzində bütün məhsula yayıla bilir. Buna görə də məhsulun yalnız kiflənmiş hissəsini ayırmaq kifayət etmir. Belə məhsul tamamilə istifadədən çıxarılmalıdır.

Bütün bu məqamlara diqqət yetirmək qida təhlükəsizliyinin təmin olunması və sağlamlığın qorunması baxımından olduqca vacibdir".