“Rəqəmsallaşma artıq vahid strateji idarəetmə modeli əsasında həyata keçiriləcək” - DEPUTAT DANIŞDI

2 İyul 2026 12:10 (UTC+04:00)

“Hazırda dünyada yeni inkişaf mərhələsinin əsas hərəkətverici qüvvəsi rəqəmsal texnologiyalardır. Süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və kibertəhlükəsizlik artıq təkcə informasiya texnologiyaları sahəsinin anlayışları deyil. Dövlətlərin iqtisadi gücü, milli təhlükəsizliyi və qlobal rəqabət qabiliyyəti getdikcə daha çox onların rəqəmsal potensialı ilə müəyyən olunur. Məhz buna görə dünyanın aparıcı ölkələri rəqəmsal transformasiyanı dövlət siyasətinin əsas prioritetlərindən birinə çeviriblər”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan da bu qlobal dəyişikliklərə çevik reaksiya verən ölkələr sırasındadır:

”Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə rəqəmsal dövlət idarəçiliyi, elektron xidmətlərin genişləndirilməsi, innovasiya ekosisteminin formalaşdırılması, yüksəksürətli internet infrastrukturunun inkişafı və rəqəmsal iqtisadiyyatın təşviqi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Bu siyasətin əsas məqsədi texnologiyaları sadəcə tətbiq etmək deyil, onları ölkənin dayanıqlı inkişafının, iqtisadi şaxələndirilməsinin və səmərəli idarəetmənin mühüm alətinə çevirməkdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi və ölkənin rəqəmsal inkişafı üzrə Fəaliyyət Planı ilə üçillik Yol xəritəsinin təsdiqlənməsi də məhz bu ardıcıl dövlət siyasətinin yeni mərhələsini ifadə edir. Bu yanaşma göstərir ki, rəqəmsallaşma artıq ayrı-ayrı layihələr deyil, vahid strateji idarəetmə modeli əsasında həyata keçiriləcək.

Xüsusilə süni intellektin sürətlə inkişaf etdiyi indiki dövrdə dövlətlərin qarşısında həm böyük imkanlar, həm də yeni çağırışlar yaranır. Məhsuldarlığın artırılması, qərarların daha operativ qəbulu və innovativ iqtisadiyyatın inkişafı ilə yanaşı, kibertəhlükəsizlik, məlumatların mühafizəsi və rəqəmsal suverenliyin təmin edilməsi də strateji əhəmiyyət daşıyır. Bu baxımdan Rəqəmsal İnkişaf Şurasının yaradılması Azərbaycanın gələcək inkişafı və milli təhlükəsizliyi baxımından mühüm institusional addımdır.

Düşünürəm ki, bu qərarın müsbət nəticələrini ilk növbədə vətəndaşlarımız hiss edəcəklər. Dövlət xidmətləri daha sürətli, daha əlçatan və daha şəffaf olacaq, sahibkarlar üçün rəqəmsal imkanlar genişlənəcək, innovativ təşəbbüslər və startap ekosistemi daha da inkişaf edəcək. Süni intellekt həllərinin təhsil, səhiyyə, kənd təsərrüfatı, sənaye və digər sahələrdə tətbiqi məhsuldarlığın artmasına, resurslardan daha səmərəli istifadəyə və yeni iqtisadi imkanların yaranmasına şərait yaradacaq.

Əslində, rəqəmsal inkişaf texnologiya məsələsindən daha geniş anlayışdır. Bu, Azərbaycanın gələcək iqtisadi modelinin, milli rəqabət qabiliyyətinin və qlobal mövqeyinin formalaşdırılmasına xidmət edən strateji seçimdir. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursuna uyğun olaraq həyata keçirilən bu islahatlar ölkəmizin regionun rəqəmsal liderlərindən birinə çevrilməsinə, innovasiya əsaslı iqtisadiyyatın qurulmasına və vətəndaşların rifahının yüksəldilməsinə mühüm töhfə verəcək”.