"Azərbaycan Polisinin peşə bayramı münasibətilə ilk növbədə bütün polis əməkdaşlarını təbrik edir, onlara məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayıram.
Azərbaycan Polisi yarandığı gündən dövlətçiliyin qorunmasında, ictimai asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Xüsusilə son illər hüquq-mühafizə orqanlarında həyata keçirilən islahatlar, rəqəmsal texnologiyaların tətbiqi və peşəkar kadr hazırlığı polis xidmətinin səmərəliliyini daha da artırıb."
Bu fikirləri SİA-ya açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Siyasi şərhçi qeyd edib ki, müasir dövrdə polis əməkdaşlarının üzərinə düşən vəzifələr təkcə cinayətkarlıqla mübarizə ilə məhdudlaşmır. Kibercinayətkarlıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və digər yeni təhlükələr hüquq-mühafizə orqanlarından daha çevik, peşəkar və müasir yanaşma tələb edir. Azərbaycan polisi bu istiqamətdə öz fəaliyyətini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirir.
"Eyni zamanda, Vətən müharibəsi və ondan sonrakı dövrdə polis əməkdaşları azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsində, qanunun aliliyinin bərqərar olunmasında, minalarla bağlı təhlükələrin qarşısının alınmasında və dövlət quruculuğu prosesində mühüm xidmətlər göstəriblər. Bu, polis orqanlarının dövlətin milli təhlükəsizlik sistemində tutduğu strateji mövqenin göstəricisidir.
Cəmiyyətin polisə inamı hüquqi dövlətin ən mühüm göstəricilərindən biridir. Bu baxımdan polis-vətəndaş münasibətlərinin qarşılıqlı etimad, qanunun aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Dövlətin gücü yalnız hüquq-mühafizə orqanlarının səlahiyyətləri ilə deyil, həm də vətəndaşların həmin orqanlara olan etimadı ilə ölçülür.
Əminəm ki, Azərbaycan Polisi bundan sonra da peşəkarlıq, vətənpərvərlik və qanuna sədaqət prinsiplərinə sadiq qalaraq dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkədə sabitliyin və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində öz şərəfli missiyasını uğurla davam etdirəcək."-deyə, B.Quliyev əlavə edib.