"İnternetdə yayılan pəhrizlər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər"

2 İyul 2026 11:58 (UTC+04:00)

"Nəzərə almaq lazımdır ki, hər bir insanın yaşı, cinsi, çəkisi, gündəlik fiziki aktivliyi, sağlamlıq vəziyyəti və yaşadığı coğrafi mühit fərqli olduğuna görə qidalanma rejimi də fərdi şəkildə müəyyən edilməlidir".

Bu fikirləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə,
bir çox insanlar çəki almaq və ya çəki vermək məqsədilə sağlamlıq vəziyyətlərini qiymətləndirmədən internetdə və ya mənşəyi məlum olmayan mənbələrdə yayılan qidalanma üsullarını kor-koranə tətbiq edirlər: "Belə yanaşma düzgün planlaşdırılmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Xüsusilə, qısa müddətdə arıqlatdığı və ya kökəltdiyi iddia olunan qidalar, əlavələr və ya müxtəlif məhsullar barədə məlumatlara inanaraq onları həkim və ya dietoloq məsləhəti olmadan qəbul etmək orqanizm üçün təhlükə yarada bilər. Monoton qidalanma nəticəsində vitamin və mineral çatışmazlığı yaranır ki, bu da immun sisteminin zəifləməsinə, daxili orqanların fəaliyyətinin pozulmasına və müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər.

Son dövrlərdə geniş yayılan "detoks" içkiləri də yalnız düzgün və ölçülü şəkildə istifadə edildikdə faydalı ola bilər. Onların həddindən artıq qəbulu həzm sisteminin və bağırsaq mikroflorasının pozulmasına, ishal və qəbizliyin növbələşməsinə, eləcə də bağırsaqların hərəkətliliyinin zəifləməsinə səbəb ola bilər.

Bəzi insanlar müəyyən qidaları tamamilə rasiondan çıxarırlar. Halbuki həmin qidalar orqanizm üçün vacib vitamin və mineralların əsas mənbəyi ola bilər. Bu isə zamanla müxtəlif qida çatışmazlıqlarına, daxili orqanların funksiyalarının zəifləməsinə və digər sağlamlıq problemlərinə yol aça bilər.

Bu səbəbdən qidalanma rejimi mütləq həkim və ya dietoloqun tövsiyəsi əsasında, insanın sağlamlıq vəziyyəti, enerji tələbatı və həyat tərzi nəzərə alınaraq hazırlanmalıdır. Gündəlik kalori ehtiyacı düzgün hesablanmalı, qidalanma müxtəlif və balanslı olmalı, orqanizmin vitamin və mineral tələbatı tam ödənilməlidir.

Ən düzgün yanaşma isə insanın uzun illər rahatlıqla davam etdirə biləcəyi qidalanma modelini seçməsidir. Bu model əlçatan, yerli və mövsümi məhsullara əsaslanmalı, insanın gündəlik həyatına uyğun olmalıdır. Çünki bahalı, xaricdən gətirilən məhsullar və ya hazırlanması çətin yeməklər müəyyən müddətdən sonra yorucu olur, nəticədə insan pəhrizi yarımçıq saxlayır. Bu da stress, aqressiya, motivasiya itkisi və hətta depressiyaya səbəb ola bilər.

Sağlam qidalanma ilə yanaşı, orqanizmin maye balansının qorunması da çox vacibdir. Bunun üçün ən faydalı seçimlər təmiz su və ayrandır. Yay aylarında temperatur yüksəldikcə insanlar susuzluğu yatırmaq üçün rəngli, qazlı və şəkərli içkilərə üstünlük verirlər. Halbuki bu içkilərin tərkibində yüksək miqdarda şəkər olduğundan onlar artıq çəkiyə, piylənməyə, şəkər mübadiləsinin pozulmasına, diş çürümələrinə və ağız boşluğu xəstəliklərinə səbəb ola bilər.

Qazlı və şəkərli içkilərin uzun müddət və həddindən artıq qəbulu ürək-damar xəstəlikləri riskini də artırır. Tərkibində olan süni rəngləndiricilər, dadlandırıcılar və digər kimyəvi qatqılar bəzi insanlarda allergik reaksiyalar yarada, xüsusilə uşaq və yeniyetmələrdə diqqət pozğunluğu, hiperaktivlik və davranış problemlərinin yaranmasına təsir göstərə bilər.

Bundan əlavə, qazlı içkilərin yemək zamanı qəbul edilməsi həzm prosesini çətinləşdirir, köp, şişkinlik və qarında narahatlıq hissi yarada bilir.

Bu səbəbdən qazlı və şəkərli içkilər gündəlik istifadə olunan əsas maye mənbəyi olmamalıdır. Onların əvəzinə təmiz su, ayran, şəkəri az olan təbii kompotlar və mövsümi meyvələrdən hazırlanmış təbii içkilərə üstünlük verilməsi tövsiyə olunur.

Unutmayaq ki, sağlam qidalanma qısa müddətli pəhriz deyil, ömür boyu davam etdirilə bilən sağlam həyat tərzidir. Bu istiqamətdə atılan hər bir addım mütləq mütəxəssis tövsiyəsi əsasında həyata keçirilməlidir".

Lətifə Abdıyeva