Zakir Həsənov: Azərbaycan BMT və NATO əməliyyatlarında iştirak perspektivlərini araşdırır

2 İyul 2026 11:52 (UTC+04:00)

1999-cu ildən bu günə qədər Azərbaycan Ordusunun 3 000-dən çox hərbi qulluqçusu dünyanın müxtəlif regionlarında keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib.

SİA xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat" üçün yazdığı ön sözdə bildirib.

Nazir qeyd edib ki, Azərbaycan sülhməramlılarının fəaliyyəti tərkibində xidmət keçdikləri sülhməramlı qüvvələrin komandanlığı, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilib.

Zakir Həsənov qeyd edib ki, dünyada gedən turbulent geosiyasi proseslər və müxtəlif regionlarda baş verən münaqişələr sülhməramlıların rolunun artdığını göstərir:

"Azərbaycan dünya birliyinin və BMT nin üzvü kimi sülhün qorunmasına və qlobal təhlükəsizliyin dəstəklənməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir. Hazırda beynəlxalq sülhün qorunmasına köməklik göstərilməsi üçün BMT-nin və NATO-keçirdiyi müxtəlif əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır".

Nazir vurğulayıb ki, sülhməramlı əməliyyatlarda iştirakla bağlı verilən siyasi qərarlar, ölkənin göstərdiyi irad və sülhməramlı qüvvələrin verdiyi töhfələr Azərbaycanın dünyada etibarlı tərəfdaş və dost kimi nüfuzunu daha da gücləndirmiş, eləcə də sülhsevər ölkə kimi tanıdıb.

Qeyd edək ki, Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat" hazırlayıb.

Bu hesabatda silahlı münaqişələrdən sonrakı dövrdə sabitliyin bərpa olunmasında, atəşkəs rejiminin qorunmasında və uzunmüddətli sülhün təmin edilməsində mühüm rol oynayan sülhməramlı əməliyyatlar araşdırılır və illər ərzində Azərbaycan Ordusunun tərkibində formalaşdırılmış sülhməramlı kontingentin fəaliyyəti təhlil edilir. Üç fəsildən ibarət olan tədqiqat is sülhməramlı əməliyyatların nəzəri çərçivəsini təqdim edir, onların siyasi və hərbi aspektlərini araşdırır.