“Bu gün Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər olduqca mühüm bir mərhələyə qədəm qoyub. Məhz bu fikirlərlə sözlərinə başlayan cənab Prezident İlham Əliyev əslində onu diqqətə çatdırmaq istədi ki, bu mühüm mərhələdən hər bir tərəf diqqətlə istifadə etməli, daha doğrusu isə yararlanmalıdır”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, ardıcıllıqla Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, daha sonra isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın qəbul edilməsi, indi isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri ondan xəbər verir ki, tərəfdaşlar əməkdaşlığı genişləndirmək və tərəfdaşlığı dərinləşdirmək istiqamətində güclü qarşılıqlı maraq göstərirlər:
”Dövlət başçımızın münasibətlərimizdə görünməmiş dinamikanın müşahidə olunduğunu bildirməsi bu marağın konkret nəticəsidir.
İnkarolunmaz faktdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan ticarətinin 40 faizdən çoxunu üzv dövlətlərlə aparır. Təbii ki, bu münasibətlərin kökündə dayanan amil enerji məsələsidir. Bu baxımdan, Ursula fon der Lyayenin 2022-ci ildə Azərbaycana səfəri və bu səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması olduqca yeni bir mərhələnin başlanğıcından xəbər verirdi.
Ötən müddət ərzində Azərbaycan öz tərəfindən uğurlu addımlar atdı. Təbii qazın ixracı 65 faizə çatıbsa, deməli, bu, həmin dinamikanın qeyd olunan konkret nəticəsidir.
Bu gün Azərbaycanın ixracının yarısı Avropa İttifaqının üzv dövlətlərinə çatırsa, bu, bir daha Azərbaycanın sözündə, əməlində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsidir. Bu, Azərbaycanın qeyd olunan anlaşmaya sadiqliyinin, uzanan əlinin konkret təzahürüdür.
Buna görə də dövlət başçımız enerji təhlükəsizliyini milli təhlükəsizliyin əsas komponenti kimi mərkəzə yerləşdirdi. Əslində, bu yanaşma bu günün reallığı deməkdir və bu reallığı nəzərə alan Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, illər ərzində siyasi səylər nümayiş etdirmişik, bu istiqamətdə qətiyyətli diplomatik fəaliyyət aparmışıq. Təbii ki, infrastrukturun yaradılması da olduqca mühüm əhəmiyyət kəsb edir. Mövcud sahəyə maliyyə sərmayələrinin yatırılması da məqsədə gedən yolda atılan real addımdır. Fəaliyyətimizin mərkəzində dayanan amil Cənub Qaz Dəhlizidir. 3500 kilometrlik boru kəməri Azərbaycandan Avropaya nəqlin əsas arteriyasıdır. Bunu dövlət başçımız bir daha dilə gətirdi. Bağlantılar sadəcə Avropa İttifaqı və Azərbaycanın gündəliyində əsas yerdə dayanan amil deyil. Bağlantılar bu gün hər bir dövləti ciddi addımlar atmağa sövq edən məsələdir.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub daşımaları üzərində yerləşməsi sadəcə Azərbaycana siyasi və iqtisadi dividendlər vermir. Azərbaycan bu dividentlərdən yararlanmağı digər tərəflərə dəfələrlə təklif edib. Bu baxımdan, Avropa İttifaqı Azərbaycanla münasibətlərin müsbət inkişafı üçün düzgün hesablamalar etməlidir. Bu münasibətlərə hər hansı amillərlə mənfi təsir göstərilməməsi baxımından ciddi nəzər yetirilməli, həssaslıq nümayiş etdirilməlidir. Azərbaycan Prezidentinin regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirməsi fikri konkret addımlar zamanı bir daha nəzərdən keçirilməli və dəyərləndirilməlidir.
Çünki Azərbaycan həm öz regionunda, həm də qonşuluqda daşıma infrastrukturuna böyük sərmayələr yatırıb. Azərbaycan heç bir halda bu sərmayələrə ziyan gəlməsinə, təhlükə altına düşməsinə imkan verməyəcək.
Dəmir yolu infrastrukturunun, habelə dəniz limanlarının imkanlarının genişləndirilməsi də qarşıda dayanan mühüm amillərdən biridir ki, Azərbaycan bunu cədvəlinə və maliyyə imkanlarına uyğun şəkildə reallaşdırdığını bir daha diqqətə çatdırdı.
İnkişaf etdiriləcək münasibətlərdə kifayət dərəcədə yeni bir hissə olan bərpa olunan enerjinin olması ondan xəbər verir ki, deməli, əlaqələri genişləndirməkdə, yeni sahələrə, çağırışlara təzahür etdirməkdə maraqlıyıq. Dövlət başçımızın bununla bağlı fikirlərini bildirməsi münasibətlərdə yeni xətlərin açıldığından xəbər verir və Azərbaycan bir daha strateji tərəfdaş ola biləcəyini diqqətə çatdırdı.
Regionda sülh olmalıdır ki, bütün bu amallara nail olunsun. O baxımdan Azərbaycan Avropa tərəfindən də sülhə qarşı son dərəcə həssas yanaşma və münasibət gözləyir. Sülhün de-fakto vəziyyətdən de-yure səviyyəsinə qaldırılması zəruridir.
Azərbaycan bir daha diqqətə çatdırdı ki, biz sülhü real hiss etmək üçün bir çox birtərəfli addımlar atmışıq. Lakin burada birtərəfli addımlar kifayət deyil. Həm qarşı tərəfdən, həm də qarşı tərəfə dəstək olan, meyil göstərən tərəflərdən həssas yanaşma və real addımlar tələb olunur.
Buna görə də Azərbaycan Prezidentinin Ermənistana çox mühüm yüklərin, xüsusən də benzin və dizelin çatdırıldığını qeyd etməsi olduqca mühüm məsələ idi.
Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılması təklifi, Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi, 20 milyon avro dəyərində olan sülhün inkişafı proqramı da dolayı amillərə deyil, birbaşa öz məqsədlərinə xidmət etməlidir.
Ursula fon der Lyayenin çıxışı zamanı “Qlobal Qapılar” Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda sülhə veriləcək dəstəyin səsləndirilməsinin real addımlara keçəcəyini gözləyirik. Çünki burada birtərəfli yanaşma olmadan obyektiv, real dəyərləndirmə, habelə eyni dəstəyin göstərilməsi vacibdir. Onilliklər zaman çərçivəsindən baş vermiş ən mühüm hadisəyə istinad real addımlarla paralel şəkildə davam etməlidir. Yüksək səviyyəli bağlantı dialoqu hər bir istiqamətdə sıx şəkildə icra edilməlidir. Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı bir araya gətirəcək planlarıda Azərbaycanın mövqeyi nəzərə alınmalıdır”.