Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar

1 İyul 2026 20:49 (UTC+04:00)

İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarını Azərbaycan millisi 10 medalla başa vurub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qitə birinciliyinin üçüncü yarış günündə Azərbaycanın daha 3 cüdoçusu fəxri kürsüdə yer alıb. Ömər Axundov (90 kiloqram) finalda Litva idmançısı Tayus Babayçenkoya məğlub olaraq gümüş medala layiq görülüb. 81 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Həsənli və Yaqub Məmmədov isə yarışı bürünc medalla tamamlayıblar.

Daha əvvəl Zəhra Quliyeva (40 kiloqram) və Nihad Ağayev (50 kiloqram) qızıl, Fərid Rzazadə (50 kiloqram) və Sadiq Məmmədov (73 kiloqram) gümüş, İbrahim Talıbov (55 kiloqram), Könül Eyvazlı (48 kiloqram) və İlkin Qarayev (66 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, sabah turnirin son günündə qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Çexiya yığması ilə qarşılaşacaq.