Avropa Yayım Birliyi və Kanada Yayım Korporasiyası Kanadanın 2027-ci il “Avroviziya” mahnı müsabiqəsində iştirak edəcəyini açıqlayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, təşkilatlar bununla bağlı birgə bəyanat yayıb.
Bildirilib ki, bu qərarın verilməsi Kanada Yayım Korporasiyasının Avropa Yayım Birliyinə tamhüquqlu üzv qəbul edilməsindən sonra mümkün olub.
Bəyanatda Kanada tamaşaçılarının “Avroviziya”ya marağının yüksək olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, 2026-cı ildə Kanada “Qalan dünya” kateqoriyasında səslərin sayına görə liderlər üçlüyünə daxil olub, eyni zamanda, Vyanadakı müsabiqəni ziyarət edən ən çox tamaşaçısı olan ölkələrdən biri hesab edilib. Bundan əlavə, vurğulanıb ki, 1988-ci ildə müsabiqənin qalibi olan İsveçrəni təmsil edən müğənni kanadalı Selin Dion olub.
Qeyd edək ki, Kanada 2015-ci ildə “Avroviziya”ya qoşulan Avstraliyadan sonra müsabiqədə iştirak edən ilk yeni ölkə olacaq. Kanada təmsilçisi 2027-ci ildə Bolqarıstanda keçiriləcək müsabiqənin yarımfinalında çıxış edəcək.