"Azərbaycana hər gəlişim mənim üçün yeni bir mənəvi zənginlikdir"

1 İyul 2026 18:36 (UTC+04:00)

İstanbul Universitetində təhsil aldığım dövrdən etibarən Azərbaycana mütəmadi səfərlər edirəm. Hazırda 74 yaşım var. Universiteti bitirməyimdən 50 il keçsə də, Azərbaycana hər gəlişim mənim üçün yeni bir mənəvi zənginlik deməkdir. Hər səfərimdə mütləq kitablar, musiqi albomları və mədəniyyət nümunələri əldə edirəm.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında Şimali Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin müəllimi, türkoloq-alim Atilla Jorma söyləyib.

Azərbaycan mədəniyyətinə heyranlığını gizlətməyən alim deyib: “Azərbaycan musiqisi ilə yanaşı, ədəbiyyatı da mənim üçün böyük dəyər daşıyır. Bu xalqın poeziyası, yazılı irsi və mədəni yaddaşı son dərəcə zəngindir”.

Atilla Jorma Şuşaya ilk dəfə səfər etdiyini bildirərək, şəhərin zəngin tarixi və mədəni irsinin onda dərin təəssürat yaratdığını xüsusi qeyd edib.