Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) cari ilin iyun ayından “Əlçatan hüquq” layihəsinin icrasına başlayıb.
Bu barədə SİA-ya DSMF-dən məlumat verilib.
Bildirilib ki, fondun Gəncə-Daşkəsən Regional Filialında icrasına başlanılan layihənin məqsədi vətəndaşların, xüsusilə sosial həssas qrupların hüquqi xidmətlərə əlçatanlığını artırmaq, hüquqi biliklərini gücləndirmək və hüquqlarının müdafiəsinə dəstək göstərməkdir.
Layihə çərçivəsində Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkilinin iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Müraciətlər dinlənilib, qəyyumluq, valideyn himayəsindən məhrum olmuş şəxslərin statusu, əmlak məsələləri, sosial sığorta stajının bərpası, maddi yardımın alınması qaydaları və digər hüquqi məsələlər üzrə ödənişsiz hüquqi xidmətlər göstərilib.
Vətəndaşlar göstərilən xidmətlərdən məmnun qaldıqlarını bildirərək belə layihələrin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.
Növbəti mərhələdə layihənin fondun digər regional filiallarında da icrası planlaşdırılır.