Meksikada Dünya Kuboku sevinci faciə ilə nəticələnib

1 İyul 2026 16:53 (UTC+04:00)

Meksika millisinin Dünya Kubokunun 1/16 finalında Ekvador üzərində 2:0 hesablı qələbəsindən sonra paytaxt Mexikoda minlərlə azarkeş küçələrə çıxaraq qələbəni qeyd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəhərin məşhur Müstəqillik Mələyi abidəsi ətrafında yaranan böyük izdiham faciəyə səbəb olub. Meksika Səhiyyə Katibliyinin məlumatına görə, 44 yaşlı kişi və 19 yaşlı qadın hadisə yerində boğulma nəticəsində həyatını itirib, 48 yaşlı qadın isə xəstəxanaya çatdırıldıqdan sonra vəfat edib. Təcili yardım briqadaları çoxsaylı insana yardım göstərsələr də, üç nəfərin həyatını xilas etmək mümkün olmayıb. Şəhər meri Clara Brugada həlak olanların ailələrinə başsağlığı verərək kütləvi tədbirlər zamanı təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini vurğulayıb. Qeyd edək ki, bu qələbə Meksika millisinin Dünya Kubokunun pley-off mərhələsində son 40 ildə qazandığı ilk qələbə olub.

Lətifə Abdıyeva