“Yaxın perspektivdə humanitar razılaşmaların gündəmdə qalacağı ehtimal olunur” - ŞƏRH

1 İyul 2026 15:50 (UTC+04:00)

“Hazırkı mərhələdə hərbi əməliyyatlar diplomatik səyləri üstələyir. Rusiya cəbhədə, xüsusilə Donetsk istiqamətində irəliləyişlərini davam etdirməyə çalışır və müharibə məqsədlərindən geri çəkilməyəcəyini bəyan edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, Ukrayna isə uzaqmənzilli pilotsuz uçuş aparatları və raket zərbələri ilə Rusiyanın enerji, logistika və hərbi infrastrukturunu hədəfə alaraq təzyiqi artırır:

“Son günlər qarşılıqlı hücumlar daha da intensivləşib, mülki infrastruktur da zərbələrə məruz qalır ki, bu da humanitar vəziyyəti ağırlaşdırır.

Gərginliyin azalması üçün ilk növbədə tərəflərin heç olmasa enerji və mülki infrastruktura zərbələrin dayandırılması ilə bağlı məhdud razılaşmaya gəlməsi, daha sonra isə vasitəçilərin iştirakı ilə birbaşa danışıqların bərpası vacib görünür. Lakin hazırkı reallıq göstərir ki, nə Moskva, nə də Kiyev hərbi üstünlük əldə etmədən ciddi siyasi güzəştlərə hazır deyil. Buna görə də yaxın perspektivdə tam sülhdən daha çox, lokal atəşkəs təşəbbüsləri, əsir mübadiləsi və humanitar razılaşmaların gündəmdə qalacağı ehtimal olunur”.