Ət kəsimi məntəqələri: Küçədə kəsilən heyvanlar hansı xəstəlikləri yayır?

1 İyul 2026 14:58 (UTC+04:00)

Heyvanların baytar nəzarətindən keçmədən küçələrdə və ya digər uyğun olmayan yerlərdə kəsilməsi ciddi risklər yaradır. Belə şəraitdə kəsilən heyvanlar təkcə ətraf mühitdən müxtəlif mikroorqanizmlərlə çirklənmir, eyni zamanda heyvan mənşəli yoluxucu xəstəliklərin də daşıyıcısı ola bilər.

Bu sözləri SİA-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, mövcud qanunvericiliyə əsasən, heyvanlar baytarlıq müayinəsindən keçməli və yalnız mərkəzləşdirilmiş, təsdiq olunmuş kəsim məntəqələrində kəsilməlidir. Bu, həm qida təhlükəsizliyinin təmin edilməsi, həm də insanların sağlamlığının qorunması baxımından vacibdir. Bununla belə, qida təhlükəsizliyi sahəsində hələ də görüləsi işlər var. Bir çox insan gözü qarşısında kəsilən heyvanın ətinə daha çox etibar etdiyi üçün küçə kəsimlərinə üstünlük verir:

“Bu etimadı dəyişmək üçün aidiyyəti qurumlar maarifləndirmə işlərini gücləndirməli, nəzarət mexanizmlərini daha da təkmilləşdirməlidirlər. İnsanlar əmin olmalıdırlar ki, mağazalarda satılan ətlər baytarlıq nəzarətindən keçmiş, təhlükəsiz məhsullardır.

Bu istiqamətdə müsbət təşəbbüslər də var. Məsələn, "Araz" marketlər şəbəkəsi heyvanları birbaşa fermer təsərrüfatlarından alır, onlar müvafiq nəzarət altında fəaliyyət göstərən kəsimxanalarda kəsilir və daha sonra satışa çıxarılır. Bu model həm qida təhlükəsizliyini artırır, həm də vasitəçilərin sayını azaltdığı üçün qiymətlərin daha münasib olmasına şərait yaradır. Fermer də heyvanını birbaşa satdığına görə əlavə xərclərlə üzləşmir.

Belə təşəbbüslərin daha da genişləndirilməsi vacibdir. Çünki yalnız baytarlıq nəzarətindən keçmiş, rəsmi kəsimxanalarda emal olunmuş ətin mağazalar vasitəsilə satışa çıxarılması həm heyvan mənşəli xəstəliklərin qarşısının alınmasına, həm də əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına xidmət edir”.

Ayşən Vəli