"İqlim dəyişiklikləri məhsul itkisi və qiymət artımı riskini artırır" - EKOLOQ DANIŞDI

1 İyul 2026 14:26 (UTC+04:00)

"Dəyişkən hava şəraiti, xüsusilə intensiv yağıntılar, yüksək temperaturun qısa müddətdə sərin hava ilə əvəzlənməsi və uzunmüddətli rütubət əkin sahələrinə, taxıl zəmilərinə, tərəvəz sahələrinə və meyvə bağlarına ciddi ziyan vura bilər" .

Bu fikirləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib.

Onun sözlərinə görə, həddindən artıq rütubət bitkilərin kök sistemini zəiflədir, göbələk xəstəliklərinin yayılmasını sürətləndirir, meyvələrin çatlamasına və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur: " Güclü külək və dolu isə bitkilərdə daha ciddi fiziki zədələr yaradır.

Bundan əlavə, bəzi zərərverici həşəratların və bitki xəstəliklərinin yayılması üçün əlverişli şərait formalaşa bilər. Lakin hər bir zərərvericinin və xəstəliyin inkişafı fərqli iqlim amillərindən asılıdır.

Bu səbəbdən fermerlər mütləq mütəxəssislərə müraciət etməlidirlər. Hər xəstəlik və zərərverici üçün fərqli mübarizə üsulları mövcuddur. İlk növbədə aqrotexniki və bioloji mübarizə tədbirlərindən istifadə edilməli, yalnız zəruri hallarda müvafiq kimyəvi vasitələr tətbiq olunmalıdır. Bu baxımdan mütəxəssis məsləhəti böyük əhəmiyyət daşıyır.

Əgər əlverişsiz hava şəraiti və zərərvericilər geniş ərazilərdə məhsuldarlığın azalmasına səbəb olarsa, bu, ümumi kənd təsərrüfatı istehsalının həcminə təsir göstərə bilər. Məhsulun azalması isə bazarda qiymət artımına təsir edən amillərdən biri hesab olunur.

Bununla belə, bazar qiymətləri yalnız istehsalın həcmi ilə müəyyən edilmir. Burada idxal və ixrac imkanları, məhsulun saxlanma şəraiti, logistika xərcləri, yanacaq qiymətləri, tələb və təklif nisbəti, eləcə də dövlətin aqrar siyasəti də mühüm rol oynayır. Buna görə də məhsulun azalması qiymət artımına təsir göstərən əsas amillərdən biri olsa da, yeganə səbəb hesab edilə bilməz.

Ayrı-ayrı bölgələrdə məhsul itkisi baş versə belə, digər bölgələrdə istehsalın davam etməsi və idxal hesabına bazarda müəyyən tarazlığın qorunması mümkündür".

Lətifə Abdıyeva