"Azərbaycan xalqı ilk növbədə ölkə rəhbərliyi cənab Prezidentin torpaqlarımızı işğaldan azad edəcəyinə inanırdı".
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, liderimizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində böyük Qələbəyə ciddi hazırlıq görülürdü:
”Bu hazırlıq həm iqtisadi, həm diplomatik sahələri, eyni zamanda işğaldan azad ediləcək ərazilərin bərpasını da əhatə edirdi: "Məhz bu məqsədlə "Böyük Qayıdış" proqramı qəbul edilmiş və bütün mərhələlər nəzərə alınmışdı.
Təsadüfi deyil ki, müharibə başa çatan kimi ilk növbədə azad olunmuş ərazilərin vəziyyətinin qiymətləndirilməsinə, onların yoxlanılmasına başlanıldı. Ermənistanın həmin ərazilərdə genişmiqyaslı dağıntılar törətdiyi, torpaqları minaladığı, kommunikasiya xətlərini dağıtdığı, yaşayış məntəqələrini və sosial obyektləri viran qoyduğu məlum idi. Buna baxmayaraq, aparılan ardıcıl işlər nəticəsində yaşayış məntəqələrinin yenidən salınmasına və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına başlanıldı.
Qurulan yaşayış məntəqələri təkcə köhnə yaşayış sahələrinin bərpası deyil, müasir standartlara cavab verən yeni yaşayış kompleksləridir. Eyni zamanda, geri qayıdan vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi də dövlətin diqqət mərkəzində olan əsas məsələlərdəndir.
Kommunikasiya infrastrukturu geniş şəkildə bərpa edilir və bu istiqamətdə görülən işlər ümumi quruculuq prosesinin əsas hissəsini təşkil edir. İndiyədək 700 kilometrə yaxın avtomobil yolu çəkilib, 500-ə yaxın körpü inşa edilib. Təxminən 70 kilometr uzunluğunda tunellərin tikintisi nəzərdə tutulub və onların böyük bir hissəsi artıq istifadəyə verilib.
Artıq 40-a yaxın yaşayış məntəqəsi bərpa olunub, 30 mindən çox insan öz dədə-baba yurduna qayıdıb. Hazırda azad olunmuş ərazilərdə 90 minə yaxın insan yaşayır və çalışır.
Bu gün işğaldan azad edilmiş şəhər və rayonlar təkcə respublika deyil, beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkanlara çevrilib. Xankəndi, Laçın, Kəlbəcər və Şuşa dəfələrlə nüfuzlu qonaqları qəbul edib. Hazırda isə vaxtilə Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illiyi münasibətilə təşkil olunan tədbirin iştirakçıları iclaslarını Şuşada davam etdirirlər.
Azad olunmuş ərazilərdə məktəblər, uşaq bağçaları və digər sosial obyektlər tikilir. Yeni universitet fəaliyyət göstərir və qısa müddət ərzində təhsil keyfiyyəti ilə diqqəti cəlb etməyə başlayıb. Özəl biznesin inkişafı üçün əlverişli şərait yaradılıb. Dövlətlə yanaşı, özəl sektor da bərpa-quruculuq işlərində və yeni istehsal sahələrinin yaradılmasında fəal iştirak edir.
İşğaldan azad olunmuş ərazilərin bugünkü inkişafı bir daha göstərir ki, Azərbaycan qurucu xalqdır, öz torpağının qədrini bilən xalqdır. Həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində bu ərazilər yaxın gələcəkdə Azərbaycanın ən gözəl və sürətlə inkişaf edən bölgələrindən birinə çevriləcək".
Lətifə Abdıyeva