"Son illərdə regionda baş verən geosiyasi dəyişikliklər Azərbaycanın nəqliyyat, enerji və logistika sahələrində əhəmiyyətini daha da artırıb. Bu Ölkənin Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşməsi, enerji ixracı üçün formalaşdırdığı infrastruktur və tranzit imkanları Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün bstrateji əhəmiyyətini gücləndirir".
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, bu da ölkənin həm iqtisadi, həm də siyasi baxımdan mövqeyini möhkəmləndirir və regional proseslərdə söz sahibinə çevrilməsinə əlavə imkanlar yaradır:
"Bununla yanaşı, bu üstünlüyün uzunmüddətli olması üçün mövcud infrastrukturun davamlı şəkildə inkişaf etdirilməsi, tranzit xidmətlərinin keyfiyyətinin artırılması, gömrük və sərhəd prosedurlarının daha da sadələşdirilməsi, rəqəmsal logistika həllərinin tətbiqi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi vacibdir.
Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı da Azərbaycanın regional üstünlüyünün daha dayanıqlı olmasına töhfə verə bilər. Bu istiqamətlərdə atılacaq addımlar ölkənin dəyişən geosiyasi şəraitdə rəqabət qabiliyyətini qorumasına və beynəlxalq mövqeyini daha da gücləndirməsinə kömək edəcək".
Lətifə Abdıyeva