"Futbol üzrə dünya çempionatının gedişində əsas faktorlar psixoloji hazırlıqdır. Təbii ki, burada fiziki hazırlıq və təcrübə də öz sözünü növbəti mərhələlərdə, komandaların növbəti raundlara yüksəlməsində deyəcək".
Bu sözləri SİA-ya açıqlamasında futbol veteranı, Avropa və dünya çempionu, UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov deyib.
Onun sözlərinə görə, hər oyun, hər tur keçdikcə artıq güclü komandalar öz yerlərini tutur, zəiflər isə mübarizəni dayandırırlar:
"Amma oyunların gedişatı onu göstərir ki, bütün qarşılaşmalarda gərgin mübarizə gedir, açıq favoritlər görünmür. Buna sübut olaraq bir neçə oyunda qaliblərin son dəqiqələrdə müəyyənləşməsini, bəzi oyunlarda isə nəticənin penaltilər seriyasında həll olunmasını göstərmək olar. Bu da onu göstərir ki, dünya çempionatında komandaların gücü təxminən bərabərdir. Haradasa təcrübə, haradasa isə ustalıq səviyyəsi sonda öz sözünü deyir.
Ümumilikdə, futbol artıq bütün qitələrdə inkişaf edib. Xüsusilə bunu Afrika və Asiya ölkələrində açıq şəkildə görürük. Bu da onun göstəricisidir ki, həmin qitələrin futbolçuları Avropanın aparıcı klublarında çıxış edir və bununla da öz ölkələrinin futbol səviyyəsinin yüksəlməsinə töhfə verirlər. Nəticədə milli komandaların da səviyyəsi artır.
Favorit millilər isə həmişə olduğu kimi Argentina, Fransa, Braziliya, Portuqaliya və İspaniyadır. Amma sürpriz edə biləcək komandalar da var. Onlardan Mərakeş və Meksika yığmalarını qeyd etmək olar. Bu komandalar istənilən rəqibə qarşı, onun adına və statusuna baxmayaraq, sürpriz nəticə əldə edə biləcək potensiala malikdirlər".