"Bəzən psixoloqa müraciət edən insanların ailə daxilində yaşadığı problemlərin səbəbi məhz geyim seçimi ilə bağlı olur. Psixoloji baxımdan sağlam yanaşma ondan ibarətdir ki, hər bir insan üçün ilk növbədə öz zövqü əsas olmalıdır. Başqalarının fikri isə yalnız müəyyən həddə qədər nəzərə alınmalıdır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, bu, həyat yoldaşı, ata, ana, qardaş və ya digər ailə üzvləri ilə münasibətlərdə də keçərlidir. Əlbəttə, heç kim demir ki, insan özünə yaraşmayan və ya uyğun olmayan geyim seçsin. Ancaq elə ailələr də var ki, geyim məsələsi üzərində ciddi mübahisələr yaranır, hətta bəzən bu mübahisələr psixoloji və fiziki təzyiqlərə qədər gedib çıxır:
"Belə hallarda görürük ki, gənc qız evdən getmək, ailədən uzaqlaşmaq istəyir. Sonradan isə yaşadığı problemlərə görə peşman olur və düşünür ki, sadəcə bir geyim məsələsinə görə ailə münasibətləri pozuldu və ya həyatında ciddi problemlər yarandı. Bəzən bu cür sosial və ailə təzyiqləri hətta boşanmalarla nəticələnir. Yəni geyim üzərində qurulan təzyiq insanın davranışına və psixoloji vəziyyətinə birbaşa təsir göstərə bilir.
İnsan geyimini seçərkən ilk növbədə özünü rahat və inamlı hiss etməlidir. Çünki insan özünü rahat hiss etdikdə bu, onun davranışına, ünsiyyətinə və olduğu mühitdəki özgüvəninə də müsbət təsir göstərir.
Digər tərəfdən, elə geyimlər olur ki, insan sonradan həmin mühitə uyğun olmadığını hiss edir. Məsələn, görür ki, iştirak etdiyi tədbirdə heç kim onun qədər açıq geyinməyib. Bu zaman geyimini düzəltməyə, sinəsini örtməyə, paltarını çəkməyə və ya narahatlığını gizlətməyə çalışır. Eyni hal kişilərdə də müşahidə olunur. Məsələn, rəsmi tədbirdə hamı klassik geyimdə olduğu halda, kimsə idman üslubunda iştirak edirsə, bunu gizlətməyə çalışmasa belə, daxilində müəyyən narahatlıq yaşayır və hiss edir ki, geyimi həmin mühitə uyğun deyil.
Belə vəziyyətlərdə insan nə qədər özünü inamlı göstərməyə çalışsa da, daxili narahatlıq onun davranışına təsir edir. Çünki müəyyən hallarda başqalarının fikri də insanın psixoloji vəziyyətinə təsir göstərə bilir.
Məsələn, iş müsahibəsində, rəsmi tədbirdə və ya toy məclisində geyimin mühitə uyğun olması vacibdir. İnsan ilk növbədə özü rahat olmalıdır. Ona görə də hesab edirəm ki, hər bir insanın qarderobunda həm klassik, həm idman, həm də gündəlik üsluba uyğun geyimlər olmalıdır ki, gedəcəyi məkana uyğun seçim edə bilsin. Bu, həm də insanın zövqünün göstəricisidir.
Necə ki, adi bir kafeyə toy libasında getmək uyğun sayılmır, eyni şəkildə rəsmi tədbirə də idman geyimi ilə getmək doğru seçim deyil.
Şəxsən mənim də başıma belə hallar gəlib. Məsələn, çəkilişdən və ya işdən çıxıb birbaşa dostlarla kafeyə getmişəm. Orada hamının gündəlik və ya idman üslubunda geyindiyini görmüşəm, mən isə iş geyimində olmuşam. Əlbəttə, insanlar bunun səbəbini anlayırlar və düşünürlər ki, yəqin ki, çəkilişdən və ya işdən gəlmişəm. Amma yenə də insan daxilində müəyyən narahatlıq hiss edir. Bu, özgüvənsizlik deyil, sadəcə geyimin mühitə uyğun olmamasından yaranan təbii psixoloji hissdir.
Əgər insan yalnız başqalarının bəyənəcəyi geyimi seçirsə, zaman keçdikcə özünü ifadə etməkdə çətinlik çəkə bilər. Daim başqalarının təsdiqini gözləməyə başlayar və nəticədə öz zövqünə olan inamı zəifləyə bilər.
Ona görə də hesab edirəm ki, hər bir insan geyimini ilk növbədə özü seçməli, eyni zamanda gedəcəyi məkanın xüsusiyyətini də nəzərə almalıdır. İş üçün ayrı, gəzinti üçün ayrı, rəsmi tədbir və toy üçün isə uyğun geyim seçilməsi həm insanın rahatlığını, həm də psixoloji komfortunu təmin edir".