Dr. Təranə Bayramova Böyük Britaniyada yüksək riskli hamiləliklərin idarə olunması üzrə qabaqcıl təcrübə ilə tanış olub

1 İyul 2026 11:58 (UTC+04:00)

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Dr. Təranə Bayramova Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Böyük Britaniyanın Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasında keçirilən beynəlxalq təkmilləşmə proqramını uğurla davam etdirir.
Təcrübə proqramının növbəti mərhələsində Dr. Təranə Bayramova vaxtından əvvəl doğuşların və hamiləliyin ikinci trimestrində baş verən risklərin qarşısının alınması üzrə fəaliyyət göstərən ixtisaslaşmış komandanın işi ilə yaxından tanış olub. Bu şöbəyə vaxtından əvvəl doğuş və ikinci trimestr düşük riski olan hamilələr yönləndirilir. Şöbənin aparıcı konsultantı, mama-ginekoloq Fidan İsrafil-Bayli uşaqlıq boynu qısalmış pasiyentlərdə servikal serklaj (uşaqlıq boynuna qoruyucu tikiş) əməliyyatını həyata keçirib. Bu müasir və effektiv müdaxilə bir çox hallarda hamiləliyin təhlükəsiz şəkildə davam etməsinə, vaxtından əvvəl doğuşun qarşısının alınmasına və sağlam körpələrin dünyaya gəlməsinə imkan yaradır.
Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında həyata keçirilən əməkdaşlıq proqramı Azərbaycan həkimlərinin beynəlxalq təcrübə qazanmasına, elmi-klinik əlaqələrin genişlənməsinə və müasir tibbi yeniliklərin ölkəmizdə tətbiqinə xidmət edən uğurlu tərəfdaşlıq nümunələrindən biridir.