“Birinci Türkoloji Qurultay” kitabında elmilik əsas götürülüb, yəni elmi məsələlərə toxunulub. Bəzən Türkoloji Qurultay haqqında danışarkən diqqət dərhal repressiyalara yönəlir. Lakin burada repressiyalardan daha vacib olan elmi məsələlər aydınlaşır. Türk dünyasında türkoloji həmrəyliyin necə qurulduğu və bu elmin sahələrarası əlaqələrinin elmi ictimaiyyətə ilk dəfə hansı şəkildə təqdim olunduğu əksini tapır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov səsləndirib.
Akademik kitabda əsas diqqətin türk xalqlarının öz nümayəndələrinə - azərbaycanlılar, özbəklər, tatarlar, qazaxlar, qırğızlar, türkmənlər, Sibir və Şimali Qafqaz türkləri, çuvaşlar, yakutlar - verildiyini bildirib.
"Həmçinin bu xalqların bir-birinə münasibəti və maraq dairələri də üzə çıxarılıb. Yəni həm müzakirə olunan mövzulara, həm də hər bir xalqın özünə olan münasibət tamamilə aydınlaşdırılıb",- deyə Nizami Cəfərov diqqətə çatdırıb.