BSU rektoru: Min nəfərdən çox bakalavr bu il universiteti başa vurur

30 İyun 2026 19:12 (UTC+04:00)

2022-ci ildə universitetə qəbul olmuş tələbələr Bakı Slavyan Universitetinin tarixində ilk dəfə olaraq ən böyük məzun kontingentini təşkil edirlər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev universitetin “Məzun günü” çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.

Rektor deyib: “Dörd il ərzində bakalavriat və magistratura səviyyələrində hazırladığımız mütəxəssisləri əmək bazarına və cəmiyyətimizə yola salırıq. Bu il müxtəlif ixtisaslar üzrə altı fakültədən min nəfərdən çox bakalavr məzun olur. İnanıram ki, məzunlarımız ölkəmizin müasir inkişaf mərhələsində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesində, habelə respublikamızın müxtəlif şəhər və rayonlarında müəllim və müxtəlif sahələrin mütəxəssisləri kimi fəaliyyət göstərərək Azərbaycanın inkişafına, gənc nəslin yetişdirilməsinə öz töhfələrini verəcəklər”.

Anar Nağıyev qeyd edib ki, Bakı Slavyan Universiteti ölkədə təhsilin və elmin inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirir. Universitet son illərdə beynəlxalq reytinqlərdə iştirak etməyə başlayıb və hər il həmin reytinqlərdə mövqeyini daha da yaxşılaşdırır. Bu da ali təhsil müəssisəsinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunun artmasına müsbət təsir göstərir.

Sonda rektor Bakı Slavyan Universitetini və ümumilikdə bu il ali təhsil müəssisələrini başa vuran bütün məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.