Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib

30 İyun 2026 18:12 (UTC+04:00)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində yaradılmış yeni nümunəvi ictimai çimərlik sakinlərin istifadəsinə verilib. Təxminən 5 hektar ərazini əhatə edən ödənişsiz istirahət məkanı IDEA İctimai Birliyi tərəfindən yaradılan sayca yeddinci nümunəvi ictimai çimərlikdir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, IDEA İctimai Birliyindən bildirilib ki, sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, şezlonqlar və zibil konteynerləri yerləşdirilib, oyun meydançaları qurulub və istifadə üçün tam hazır vəziyyətdədir.

Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.

Çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərlikləri cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə daha əvvəl paytaxtın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilər abadlaşdırılaraq nümunəvi ictimai çimərliklər yaradılıb. Hövsan qəsəbəsində istifadəyə verilən yeni çimərliklə onların sayı yeddiyə çatdırılıb.

Hamıya dəniz mövsümündə xoş istirahət arzulayan IDEA İctimai Birliyi, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətraf mühiti çirkləndirməməyə, suda təhlükəsizlik qaydalarına riayət etməyə və istirahət zamanı ehtiyatlı davranmağa çağırıb.