Avropa bu qışa son 15 ilin ən az qaz ehtiyatı ilə girə bilər

30 İyun 2026 17:56 (UTC+04:00)

Avropanın qaz ehtiyatları son 15 ilin ən aşağı həddini göstərir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, enerji analitika şirkəti “Wood Mackenzie”nin qiymətləndirməsinə görə, Avropa İttifaqının qaz anbarları oktyabr ayına qədər yalnız 76 faiz dolacaq və bu, 2011-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Qaz ehtiyatlarının bu qədər azalmasının əsas səbəbi ABŞ-İran münaqişəsidir. Dünya qaz ixracatının beşdə birini təmin edən, Hörmüz boğazı ilə nəql olunan təbii maye qaz nəqliyyatı müharibə dövründə ciddi şəkildə pozulub, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin qaz istehsalı azalıb. Hazırda Avropa anbarları 48 faizi (normadan 10 faiz aşağısı) dolu vəziyyətdədir. Avropa Komissiyası ehtiyatların 80 faizə çatdırılmasını tövsiyə etsə də, bu hədəfə çatılması şübhə altındadır. Enerji analitikləri qışın əvvəlindən etibarən qiymətlərin kəskin şəkildə qalxmasından narahatlıqlarını ifadə edirlər.