Azərbaycanda son illərdə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur. Statistik məlumatlar göstərir ki, 2025-ci illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0,9 faiz azalıb. Son on ilin göstəricilərini təhlil etdikdə isə xırdabuynuzlu heyvanların sayında 20-25 faiz, iribuynuzlu heyvanlarda isə 7-8 faiz geriləmə qeydə alındığı görünür. Bəs, bu azalma ətin bahalaşmasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan hər vaxt xeyrini görəcək:
“Azərbaycanda heyvan sayının ildən-ilə azalması artıq sadəcə statistik göstərici hesab edilə bilməz. Bu, ərzaq təhlükəsizliyi ilə bağlı ciddi bir xəbərdarlıqdır.
İllərlə davam edən bu geriləmə onu göstərir ki, heyvandarlıq sektorunda sistemli və xroniki problemlər hələ də öz həllini tapmayıb. İri və xırdabuynuzlu heyvanların sayının azalması da bunun bariz göstəricisidir. Otlaq sahələrinin azalması, yem qiymətlərinin bahalaşması, istehsalçılara dəstəyin səmərəsizliyi və kənd təsərrüfatı siyasətində uzunmüddətli planlaşdırmanın zəifliyi nəticəsində fermer təsərrüfatları fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər.
Nəticədə, damazlıq heyvanlar belə kəsimə göndərilmək məcburiyyətində qalır. Bu da gələcək istehsal potensialını daha da zəiflədir.
Bu vəziyyət eyni zamanda milli ənənələrimizdən də qaynaqlanır. İnsanlar xüsusilə quzu ətinə üstünlük verirlər. Bu, bizim qida mədəniyyətimizin və adət-ənənələrimizin bir hissəsidir. Buna görə də bu istiqamətdə sistemli addımlar atılmalıdır.
Belə bir şəraitdə ətin bahalaşmamasını gözləmək iqtisadi reallığa uyğun deyil. Otlaq sahələrinin, iri və xırdabuynuzlu heyvanların sayının azalması fonunda qiymət artımının qarşısını almaq çətindir. Yeganə halda qiymətlərin artmaması mümkündür ki, əhali ət istehlakını azaltsın və tələbat aşağı düşsün. Lakin reallıq fərqlidir. Mətbəximizdə, gündəlik həyatımızda və milli yeməklərimizdə ət məhsulları mühüm yer tutur. Buna görə də istehlak yüksək olaraq qalır.
Yerli istehsal azalırsa, bazar ya bahalı idxaldan asılı qalır, ya da çatışmazlıqla üzləşir. Qarşımızda iki seçim qalır: ya idxalı artırmaq, ya da daxili istehsalı gücləndirmək. İdxal zamanı xarici amillərdən daha çox asılı vəziyyətə düşürük. Daxili istehsalın artırılması üçün isə sistemli proqramlara ehtiyac var.
Otlaq sahələri genişləndirilməli, kənd təsərrüfatına dəstək artırılmalı, fermerlər özlərini iqtisadi baxımdan daha güvənli hiss etməlidirlər. Kənd əhalisinin şəhərlərə köçünün qarşısının alınması, insanların öz yurd-yuvalarında qalaraq kənd təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaradılmalıdır.
Əks halda qiymət artımları qaçılmaz olacaq.
Problemin kökündə təkcə bazar mexanizmləri deyil, həm də kənd təsərrüfatında illərlə yığılıb qalmış struktur çatışmazlıqlar dayanır. Uzun illər ərzində müşahidələr göstərir ki, kənd təsərrüfatı siyasətini həyata keçirən bəzi qurumların fəaliyyəti kifayət qədər səmərəli deyil. Kənd Təsərrüfatı Nazirliyi də daxil olmaqla aidiyyəti qurumlarda KPI-lar və fəaliyyətin effektivliyini ölçən göstəricilər tətbiq olunmalıdır.
Necə ki, uğurlu fəaliyyətə görə mükafatlandırma mövcuddur, qarşıya qoyulan proqramları yerinə yetirməyənlər üçün də məsuliyyət və cəzalandırma mexanizmləri olmalıdır. Bu yanaşma daha sistemli şəkildə həyata keçirilməlidir.
Əgər bu tendensiya dəyişməzsə, yaxın illərdə problem yalnız ətin bahalaşması ilə məhdudlaşmayacaq. Azərbaycanda heyvandarlıq məhsulları üzrə idxaldan asılılıq daha da artacaq. Bu isə həm qiymət sabitliyi, həm ərzaq təhlükəsizliyi, həm də ölkənin xarici istehsalçılardan asılılığı baxımından ciddi risklər yaradacaq.
Problemi mövsümi tədbirlərlə həll etmək düzgün deyil. Otlaq fondunun qorunması təmin edilməli, yem bazası gücləndirilməlidir. Damazlıq işinin inkişafı və fermerlərə real iqtisadi dəstək mexanizmlərinin tətbiqi vacibdir.
Bundan əlavə, məsələ dərindən araşdırılmalı və bir neçə ssenarini əhatə edən dövlət proqramı hazırlanmalıdır.
Məsələn, SSRİ dövründə Kəlbəcər, Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları Azərbaycanın əsas ət istehsalı mərkəzlərindən hesab olunurdu. Həmin bölgələr təkcə ölkənin tələbatını ödəmir, eyni zamanda digər SSRİ respublikalarına da ət ixrac edirdi.
Məlum olduğu kimi, Azərbaycanın heyvandarlıq məhsulları dad və keyfiyyət baxımından bir çox ölkələrin məhsullarından üstün hesab olunur”.