“Sosial şəbəkələrin gənclərin öyrənmə prosesinə müsbət töhfəsi var. Lev Vıqotskinin sosial inkişaf (sosial konstruktivizm) nəzəriyyəsinə görə, öyrənmə sosial qarşılıqlı əlaqə vasitəsilə baş verir”.
Bu sözləri SİA-ya açıqlamasında psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas və təhsil tədqiqatçısı Bahar Bəylərova deyib.
Onun sözlərinə görə, sosial şəbəkələr bu prinsipi rəqəmsal mühitə daşıyır:
“Greenhow və Lewinin (2016) tədqiqatı göstərir ki, sosial media gənclər arasında kollaborativ öyrənməni stimullaşdırır, həmyaşıdlar arasında bilik mübadiləsini sürətləndirir. Bundan əlavə, YouTube, TED-Ed kimi platformalar formal təhsilin əhatə etmədiyi sahələrdə özünüidarəli öyrənməyə (self-directed learning) geniş imkanlar yaradır.
Musiqi baxımından isə bir məqamı şəxsən müşahidə etmişəm. Gənclər sosial şəbəkələr vasitəsilə müxtəlif mədəniyyətlərin musiqisi ilə tanış olur, bu da onların estetik dünyagörüşünü genişləndirir. Bu, ənənəvi tədrisin hər zaman bacara bilmədiyi üstünlüklərdən biridir.
Digər tərəfdən, Twenge və həmmüəlliflərinin (2019) ABŞ-da 500 mindən çox yeniyetmə arasında apardıqları genişmiqyaslı tədqiqat ekran qarşısında keçirilən vaxtın artması ilə depressiya və narahatlıq arasında mənfi əlaqənin mövcud olduğunu göstərib.
Psixoloji baxımdan isə ən ciddi problemlərdən biri davamlı diqqət parçalanmasıdır. Alimlərin “attention residue” adlandırdığı bu hal zamanı şagird bildirişə baxdıqdan sonra dərsə qayıtsa belə, zehni hələ də sosial şəbəkədə qalır. Gloria Markın (2023) Kaliforniya Universitetində (UC Irvine) apardığı tədqiqat göstərib ki, bir tapşırıqdan digərinə keçdikdən sonra tam konsentrasiyanı bərpa etmək orta hesabla 23 dəqiqə çəkir. Bu isə o deməkdir ki, dərs zamanı telefona baxan şagird həmin dərsin əhəmiyyətli hissəsini faktiki olaraq itirir.
Ünsiyyət bacarıqlarına təsirinə gəlincə, bunu ikiüzlü bir medal kimi qiymətləndirmək olar. Bir tərəfdən, sosial şəbəkələr gənclərdə yazılı ifadə, ictimai nitq (podkastlar, reels formatlı çıxışlar) və rəqəmsal savadlılıq kimi XXI əsrin vacib bacarıqlarını inkişaf etdirir. Digər tərəfdən isə Sherry Turkle “Alone Together” (2011) adlı məşhur əsərində yazır: “We are tempted to think that our little devices are making us more connected, but they are actually making us more alone.”
Üz-üzə ünsiyyətin azalması empatiya, aktiv dinləmə və qeyri-verbal kommunikasiya bacarıqlarının zəifləməsinə səbəb olur. Uhls və həmmüəlliflərinin (2014) eksperimental tədqiqatı göstərib ki, təbiətdə beş gün ərzində ekransız vaxt keçirən uşaqların üz ifadələrini oxuma bacarığı əhəmiyyətli dərəcədə inkişaf edib. Sosial şəbəkələrdən intensiv istifadə edən uşaqlarda isə bu bacarıqda geriləmə müşahidə olunub.
Tədqiqatlar göstərir ki, qadağalar effektiv həll yolu deyil. Əksinə, bu, yeniyetmələrdə “forbidden fruit effect” (qadağan olunmuş meyvə effekti) yaradır. OECD-nin (2023) hesabatında rəqəmsal savadlılığın tədrisinə əsaslanan model tövsiyə olunur. Gənclərə sosial şəbəkələrdən passiv istehlakçı kimi deyil, aktiv və tənqidi düşünən istifadəçi kimi yararlanmaq öyrədilməlidir. Psixoloji müdaxilə baxımından isə “mindfulness” əsaslı yanaşmalar diqqətin idarə olunmasını və özünənəzarət bacarıqlarını gücləndirən effektiv üsullardan hesab olunur.
Musiqişünas, musiqinin psixoloji və terapevtik təsirini tədqiq edən, həmçinin məktəbəqədər, ümumtəhsil və incəsənət məktəblərində musiqinin, eləcə də digər incəsənət fənlərinin tədrisi zamanı passiv terapevtik təsirin təmin olunmasına yönəlmiş xüsusi proqram hazırlayan mütəxəssis kimi deyə bilərəm ki, musiqi təhsili bu prosesdə unikal rol oynayır. Musiqi alətində ifa etmək, oxumaq və rəqs etmək dərin konsentrasiya, bədən fərqindəliyi və emosional tənzimləmə tələb edir. Məhz bu xüsusiyyətlər rəqəmsal diqqət parçalanmasına qarşı psixoloji dayanıqlığın formalaşmasına kömək edir.”
Lətifə Abdıyeva