“Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi əməliyyat qüvvələrinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı-2026” üçtərəfli hərbi təliminin uğurla başa çatması regionda formalaşan təhlükəsizlik əməkdaşlığının növbəti mühüm mərhələsini nümayiş etdirir. Bu təlimin əhəmiyyəti yalnız hərbi hazırlıq tədbiri ilə məhdudlaşmır. “Qafqaz Qartalı-2026” dəyişən beynəlxalq təhlükəsizlik mühitində Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin institusionallaşmasının praktik nümunəsi kimi çıxış edir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı artıq klassik hərbi müdafiə çərçivəsini xeyli aşmışdır:
”Hibrid müharibələr, kibertəhdidlər, terrorizm, dezinformasiya kampaniyaları, strateji infrastrukturun hədəfə alınması riski və qeyri-dövlət silahlı aktorlarının fəallaşması dövlətlərin müdafiə siyasətində yeni yanaşmaların tətbiqini zəruri edir. Belə şəraitdə xüsusi əməliyyat qüvvələri çevik reaksiya, yüksək peşəkarlıq və koordinasiya imkanları baxımından müasir orduların əsas dayaqlarından birinə çevrilmişdir.
Azərbaycanın müdafiə siyasəti də məhz bu strateji yanaşmaya əsaslanır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ordunun modernləşdirilməsi, peşəkar xüsusi təyinatlı bölmələrin inkişafı, müasir silah və texnologiyaların tətbiqi, eləcə də beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
44 günlük Vətən müharibəsində və sonrakı 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Xüsusi Əməliyyat Qüvvələrinin nümayiş etdirdiyi yüksək döyüş hazırlığı və peşəkarlıq Ordumuzun keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldiyini bütün dünyaya nümayiş etdirdi. “Qafqaz Qartalı-2026” təlimi isə həmin təcrübənin dost və strateji tərəfdaş ölkələrlə paylaşılması, qarşılıqlı fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Təlimin geosiyasi əhəmiyyəti ilk növbədə iştirakçı dövlətlərin strateji mövqeyi ilə bağlıdır. Azərbaycan, Türkiyə və Gürcüstan Avropa ilə Asiyanı birləşdirən əsas enerji və nəqliyyat marşrutlarının mərkəzində yerləşir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz məhz bu üç ölkənin siyasi iradəsi və koordinasiyalı fəaliyyəti nəticəsində qlobal əhəmiyyət qazanmış layihələrdir.
Xüsusilə son illərdə Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi siyasəti, Xəzər hövzəsinin enerji resurslarına artan tələbat və Orta Dəhlizin beynəlxalq yükdaşımalar sistemində rolunun sürətlə yüksəlməsi həmin infrastrukturun təhlükəsizliyini strateji prioritetə çevirmişdir.
Müasir münaqişələrin təcrübəsi də bunu təsdiqləyir. Rusiya–Ukrayna müharibəsində enerji obyektlərinin hədəfə alınması, Yaxın Şərqdə neft infrastrukturu ətrafında yaranan təhlükələr və Qırmızı dəniz hövzəsində beynəlxalq gəmiçiliyə qarşı hücumlar göstərir ki, enerji və nəqliyyat infrastrukturu artıq geosiyasi qarşıdurmaların əsas hədəflərindən birinə çevrilib. Məhz bu baxımdan “Qafqaz Qartalı-2026” yalnız taktiki hazırlıq tədbiri deyil, həm də regionun həyati əhəmiyyət daşıyan enerji və logistika infrastrukturunun mühafizəsi üzrə koordinasiya imkanlarının gücləndirilməsinə xidmət edən mühüm təhlükəsizlik platformasıdır.
Təlimin siyasi-strateji əhəmiyyətini artıran digər mühüm amil onun uzunmüddətli regional əməkdaşlıq modelinə əsaslanmasıdır. Azərbaycan, Türkiyə və Gürcüstan arasında formalaşmış üçtərəfli əməkdaşlıq artıq uzun illərdir təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi inteqrasiyanı paralel şəkildə inkişaf etdirən uğurlu regional model kimi çıxış edir.
Bu istiqamətdə Azərbaycan–Türkiyə müttəfiqliyinin hüquqi-siyasi əsasını təşkil edən Şuşa Bəyannaməsi xüsusi əhəmiyyət daşıyır. Bəyannamə iki qardaş ölkə arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı, Cənubi Qafqazda yeni təhlükəsizlik mexanizmlərinin formalaşdırılması üçün də möhkəm hüquqi baza yaradıb. “Qafqaz Qartalı-2026” kimi birgə təlimlər həmin strateji baxışın praktik müstəvidə uğurla həyata keçirildiyini nümayiş etdirir.
Diqqət çəkən mühüm məqamlardan biri də təlimin inklüziv və müdafiə xarakteri daşımasıdır. Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən regional əməkdaşlıq modeli xarici güclərin geosiyasi rəqabətinə deyil, region dövlətlərinin ortaq maraqlarına əsaslanır. Bu xüsusiyyət qarşılıqlı etimadı möhkəmləndirir, iqtisadi inteqrasiyanı sürətləndirir və təhlükəsizlik sahəsində davamlı əməkdaşlıq üçün etibarlı platforma formalaşdırır. Bu model Cənubi Qafqazda sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin edilməsinin ən səmərəli mexanizmlərindən biri kimi özünü doğruldur.
“Qafqaz Qartalı-2026” hərbi təlimdən daha geniş siyasi və geostrateji məna daşıyır. Təlim Azərbaycan–Türkiyə–Gürcüstan strateji tərəfdaşlığının davamlılığını, enerji və nəqliyyat təhlükəsizliyinin birgə qorunmasına sadiqliyi, hibrid təhdidlərə qarşı koordinasiyalı cavab imkanlarını, eləcə də Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının regional əməkdaşlıq əsasında formalaşdırıldığını nümayiş etdirir.
Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan xarici və təhlükəsizlik siyasəti nəticəsində Azərbaycan bu gün təkcə öz müdafiə potensialını gücləndirən dövlət deyil, həm də Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının formalaşmasına mühüm töhfə verən əsas regional aktorlardan biri kimi çıxış edir. Məhz bu reallıq “Qafqaz Qartalı-2026” təliminin siyasi-strateji mahiyyətini və gələcək perspektivlərini müəyyən edən başlıca amildir”.