"Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Xatırlayırsınızsa, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanmışdı".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, həmin vaxt Avropa Komissiyasının sədri Azərbaycanı Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi xarakterizə etmişdi:
"Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır. Avropa İttifaqı ölkəmizin ən böyük ticarət tərəfdaşıdır. Hazırda Azərbaycan Avropa İttifaqına üzv olan ondan çox ölkəyə təbii qaz ixrac edir. Bununla yanaşı, Azərbaycan Avropanın bir çox ölkələri ilə yalnız enerji sahəsində deyil, həmçinin nəqliyyat-logistika, yaşıl enerji, müdafiə sənayesi, ticarət və iqtisadiyyat istiqamətlərində də uğurlu əməkdaşlıq həyata keçirir.
Bu baxımdan, Ursula fon der Lyayenin Azərbaycana növbəti səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu səfər onu göstərir ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunu strateji əhəmiyyətə malik məkan kimi qiymətləndirir, region ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə siyasi dialoqu davam etdirmək niyyətindədir.
Hesab edirəm ki, bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Tərəflər arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək".