"Artıq müəllimlərin sertifikasiya prosesi tam başa çatıb. Yəni, bütün fənn müəllimləri sertifikasiyadan keçiblər. Bu isə 115 mindən çox müəllimin sertifikasiya prosesinə cəlb olunması deməkdir".
Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
_(1)_(1).jpg)
Onun sözlərinə görə, sertifikasiyanın ilk illərində bu proses cəmiyyətdə və müəllimlər arasında birmənalı qarşılanmırdı:
"Belə bir fikir formalaşmışdı ki, məqsəd müəllimlərin sayını azaltmaq və ya onların işdən uzaqlaşdırılmasıdır. Lakin sonrakı təcrübə göstərdi ki, bu yanaşma doğru deyil.
Sertifikasiya imtahanında minimum keçid balı müəyyənləşdirildi. Müvafiq nəticə göstərən müəllimlərin əməkhaqlarına əlavələr tətbiq olundu. Belə ki, müəyyən bal həddini keçən müəllimlərə 10 faiz, daha yüksək nəticə göstərən müəllimlərə isə 35 faiz əməkhaqqı əlavəsi verildi. Bu da müəllimlərin öz üzərində daha çox işləməsinə və peşəkar inkişafına ciddi stimul yaratdı.
Artıq Azərbaycan təhsil sistemində bütün fənn müəllimlərinin sertifikasiyası başa çatıb. Bu proses həm müəllimlərdə özünəinam yaradıb, həm də valideynlərdə əminlik formalaşdırıb ki, övladlarına dərs deyən müəllimlər bilik və bacarıqları qiymətləndirilmiş, sertifikatlaşdırılmış müəllimlərdir. Sertifikatlı müəllim isə öz fənnini və peşəsini lazımi səviyyədə mənimsəmiş müəllim deməkdir.
Təbii ki, prosesin çətin tərəfləri də oldu. Təxminən 9 min müəllim hər iki cəhddə uğurlu nəticə göstərə bilmədiyi üçün ümumtəhsil məktəblərində fəaliyyətini dayandırdı. Ancaq bu, onların müəllimlik hüququnu tam itirməsi demək deyil. Onlar yenidən hazırlaşaraq müəllimlərin işə qəbulu imtahanında iştirak edə və vakant yerlər üzrə təhsil sisteminə yenidən qayıda bilərlər.
Uğursuz nəticə göstərənlər arasında daha çox ibtidai sinif müəllimləri üstünlük təşkil edirdi. Bunun da müəyyən səbəbləri var. Xüsusilə vaxtilə pedaqoji texnikum və kollecləri bitirmiş müəllimlərin bir hissəsinin müasir təhsil standartlarına uyğunlaşmaqda çətinlik çəkdiyi müşahidə olundu.
Ümumilikdə, 9 mindən artıq müəllim sertifikasiya imtahanında uğursuz nəticə göstərərək sistemdən kənarda qalıb. Bununla yanaşı, ümumi nəticələr göstərir ki, son 12 ildə müəllimlərin orta aylıq əməkhaqqı təxminən dörd dəfə artıb. Sertifikasiyadan uğurla keçən müəllimlərin bilik, bacarıq və kompetensiyalarına uyğun olaraq əməkhaqlarının artırılması isə onların peşəkar inkişafı üçün mühüm motivasiya vasitəsinə çevrilib".