Niyə insanlar getdikcə bayram və ailə ənənələrini əvvəlki kimi yaşamır? - SOSİOLOQ DANIŞDI

30 İyun 2026 14:20 (UTC+04:00)

"Zaman-zaman hər dövrün özünəməxsus xüsusiyyətləri olur. İnsanlar da həmin xüsusiyyətləri nəzərə alaraq milli bayramları, xalq şənliklərini, mərasimləri və ailə ənənələrini yaşatmağa çalışırlar. Nəsillər təxminən hər otuz ildən bir dəyişdikcə, bu bayramlara, ənənələrə və mərasimlərə öz dövrlərinin baxışını, öz töhfələrini əlavə edirlər".

Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.netMir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bu baxımdan elə bayramlar var ki, zaman keçdikcə ilkin fəlsəfəsini və formasını dəyişir, daha geniş miqyasda qeyd olunaraq ümummilli bayrama çevrilir:

"Elə ənənələr də var ki, zamanın təsiri ilə zəifləyir və tədricən tarixə qovuşur. Xalqımızın həyatında mühüm yer tutan bayramlar, mərasimlər və ailə ənənələri ilə bağlı müxtəlif tədbirlər keçirilir. Onların bir qismi əvvəlcə yalnız müəyyən kənddə və ya el-obada qeyd olunsa da, sonradan region səviyyəsinə, daha sonra isə ümumxalq bayramına çevrilib. Bununla yanaşı, illər keçdikcə uşaqlıq xatirələrimizdə xüsusi emosional iz buraxan bəzi mərasimlərin əvvəlki qədər geniş və təntənəli keçirilmədiyini də müşahidə edirik. Buraya ailə ənənələri çərçivəsində keçirilən toylar, yas mərasimləri və digər mərasimlər də daxildir.

Lakin bu, tamamilə təbii prosesdir. Çünki hər nəsil dəyişdikcə, cəmiyyətin sosial, iqtisadi və mədəni həyatı da dəyişir. Eyni zamanda, Azərbaycanın digər ölkələrlə və xalqlarla əlaqələrinin genişlənməsi də bu ənənələrə müəyyən təsir göstərir. Bəzi adətlər güclənir, bəziləri isə zamanla sadələşir və ya yeni forma alır.

Vaxtilə Azərbaycanda toy mərasimləri bir neçə mərhələdən ibarət olurdu. Qadın və kişi məclisləri ayrı keçirilirdi, elçilik, ağsaqqal məclisi, nişan, paltarbiçdi, xınayaxdı, ciyər axşamı və bir neçə gün davam edən toy mərasimləri təşkil edilirdi. Bu gün isə həmin mərasimlərin əksəriyyəti birləşdirilir və nişan, xınayaxdı, toy məclisi qısa müddət ərzində eyni məkanda keçirilir.

Bu isə o demək deyil ki, insanlar bu ənənələrə əvvəlki qədər dəyər vermirlər. Sadəcə olaraq, həyat tərzi dəyişib. İqtisadi imkanlar, zamanın ritmi və cəmiyyətin yaşam tərzi fərqlənib. Məsələn, pandemiya dövründə toyların keçirilməsi demək olar ki, dayandırılmışdı. Müharibə dövründə isə insanlar təmtəraqlı məclislər təşkil etməyi mənəvi baxımdan uyğun hesab etmirdilər.

XXI əsr sürət əsridir, internet və sosial şəbəkələr dövrüdür. Sovet dövrü ilə müqayisədə həyatın tempi xeyli artıb. Dünyada və ölkəmizdə baş verən hadisələr insanların gündəlik həyatına təsir etdiyi kimi, bayram və ənənələrin keçirilmə formasına da təsir göstərir. Artıq uzun-uzadı, həftələrlə davam edən şənliklər keçirmək üçün nə əvvəlki qədər vaxt var, nə də buna ehtiyac duyulur.

Bu baxımdan düşünmürəm ki, köhnə ənənələrin dəyişməsinə görə narahat olmağa əsas var. Hər nəsil öz dövrünə uyğun yeniliklər gətirir. Bu yeniliklər həm bayramlarda, həm toy mərasimlərində, həm də ailə ənənələrində özünü göstərir.

Məsələn, bu gün Novruz bayramı, Respublika Günü, hətta anım günləri belə müəyyən mənada virtuallaşıb. Xaricdə yaşayan soydaşlarımız bir-birlərini sosial şəbəkələr vasitəsilə təbrik edir, virtual yumurta döyüşdürür, virtual papaqatdı ənənəsini yaşadır, müxtəlif onlayn hədiyyələr göndərirlər. Bunlar da müasir dövrün gətirdiyi yeni elementlərdir.

Toy mərasimlərinin TikTok, Facebook, Instagram və YouTube platformalarında canlı yayımlanması, bəy və gəlinin həyatından hazırlanmış videoların paylaşılması, xüsusi kliplərin çəkilməsi də ənənələrin müasir formada davam etdirilməsinin nümunələridir.

Düşünürəm ki, gələcəkdə də bu sahədə yeni yanaşmalar yaranacaq. Əsas məsələ isə odur ki, biz azərbaycanlı olaraq milli bayramlarımızı, ailə ənənələrimizi, babalarımızdan və nənələrimizdən bizə miras qalan mənəvi dəyərləri qoruyub saxlayaq. Onlara dövrün tələbinə uyğun yeni çalarlar əlavə etmək mümkündür, lakin həmin ənənələrin mahiyyəti, ruhu və milli kimliyi dəyişməməlidir. Əsas olan da məhz budur".