"Donu açılmış ət yenidən dondurulmamalıdır" - EKSPERT DANIŞDI

30 İyun 2026 12:28 (UTC+04:00)

"Qida məsələləri üzrə mütəxəssis olaraq qeyd etmək istərdim ki, toyuq əti, mal əti və balıq kimi dondurulmuş məhsullar mənfi 18 dərəcə Selsi temperaturda saxlanılmalı və həmin temperaturda satışa təqdim olunmalıdır. Bu məhsullar əvvəlcə satış məntəqələrinin dondurucu vitrinlərində saxlanılır, daha sonra isə istehlakçı tərəfindən alınaraq evə aparılır".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti, "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, xüsusilə yay aylarında bu məhsulların buzunun açılmaması üçün onları evə yaxın satış məntəqələrindən almaq tövsiyə olunur:

"Məhsulun daşınma müddəti nə qədər qısa olarsa, soyuq zəncirin pozulma riski də bir o qədər azalır.

Əgər ət yaxın zamanda bişiriləcəksə, onu dondurucudan çıxardıqdan sonra birbaşa otaq temperaturunda deyil, müsbət 0–4 dərəcə Selsi temperaturunda olan soyuducu bölməsinə yerləşdirmək lazımdır. Ətin təbii şəkildə burada donunun açılması daha təhlükəsiz hesab olunur. Bundan sonra məhsul bişirilərək istehlak edilə bilər.

Əgər böyük həcmdə ət alınırsa və hamısı eyni vaxtda istifadə olunmayacaqsa, məhsul əvvəlcədən porsiyalara bölünməli, uyğun şəkildə qablaşdırılmalı və ayrı-ayrılıqda dondurucuya yerləşdirilməlidir. Ətin donu açıldıqdan sonra onu yenidən dondurmaq qətiyyən məsləhət görülmür. Bu, həm məhsulun keyfiyyətini aşağı salır, həm də mikrobioloji çirklənmə riskini artırır.

Donu açılmış ətin yenidən dondurulması, düzgün emal edilmədiyi halda, qida zəhərlənmələrinə, ishala, qusmaya və digər mədə-bağırsaq pozğunluqlarına səbəb ola bilər.

Ən doğru yanaşma soyudulmuş ətin alınması, əvvəlcədən porsiyalara bölünməsi və yalnız bir dəfə dondurulmasıdır. Sonradan istifadə ediləcək hissə ehtiyac olduqda çıxarılmalı, donu açıldıqdan sonra isə dərhal bişirilməlidir. Donu açılmış ət yenidən dondurulmamalıdır.

Eyni qayda digər ət məhsullarına da aiddir. Qida sənayesində tətbiq olunan sürətli dondurma texnologiyalarına üstünlük verilir. Çünki sənaye müəssisələrində məhsul xüsusi avadanlıqlar vasitəsilə qısa müddətdə, hətta sümüyün və iliyin daxilinə qədər sürətlə dondurulur. Məişət tipli dondurucularda isə bu proses xeyli uzun çəkir və bəzən 72 saata qədər davam edə bilir. Bu səbəbdən sənaye üsulu ilə dondurulmuş məhsulların keyfiyyəti və təhlükəsizliyi daha yüksək hesab olunur".