Olimpiya Günü veteran olimpiyaçıların iştirakı ilə qeyd olunub

30 İyun 2026 12:14 (UTC+04:00)

Dədə Qorqud parkında Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə Olimpiya Gününə həsr olunmuş tədbir keçirilib.

SİA xəbər verir ki, əvvəlcə Olimpiya Gününün tarixi barədə geniş məlumat verilib. Bildirilib ki, Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü ilə 1948-ci ildən qeyd olunan bu gün sağlam həyat tərzinin və idmanın təbliğinə xidmət edir.

Tədbirdə 1952–1992-ci illərdə Olimpiya Oyunlarında medal qazanmış azərbaycanlı idmançıların uğurlarından bəhs olunub. Daha sonra Olimpiya çempionları Nazim Hüseynov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər.

Nazim Hüseynov Azərbaycan idmançılarının beynəlxalq arenadakı uğurlarından danışaraq, dövlət bayrağının hər zaman yüksəklərdə dalğalanmasını arzulayıb.

Çingiz Hüseynzadə isə Olimpiya Gününün idmanın və olimpiya dəyərlərinin təbliği baxımından əhəmiyyətini vurğulayaraq, builki tədbirin sovet dövründə Olimpiya Oyunlarında iştirak etmiş azərbaycanlı idmançılara həsr olunduğunu bildirib.

Tədbir çərçivəsində kütləvi qaçış və kəndirdartma yarışları təşkil olunub. Sonda qaliblər medal və diplomlarla təltif edilib, xatirə şəkli çəkdirilib.