Milli Məclis Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
SİA xəbər verir ki, qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunaraq təsdiqlənib.
Qəbul edilən dəyişikliklərə əsasən, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun 13-4.13-cü maddəsində nəzərdə tutulan məlumatların aidiyyəti dövlət orqanına təqdim edilməməsi, gec təqdim olunması və ya natamam, yaxud təhrif edilmiş formada verilməsi inzibati məsuliyyət yaradacaq. Bu hallara görə vəzifəli şəxslər 6 000 manatdan 7 000 manatadək, hüquqi şəxslər isə 15 000 manatdan 20 000 manatadək cərimə ediləcək.
Bundan əlavə, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının provayderləri müvafiq dövlət orqanının sorğularını 5 iş günü ərzində cavablandırmadıqda və ya natamam, yaxud təhrif olunmuş məlumat təqdim etdikdə vəzifəli şəxslər 7 000 manatdan 8 000 manatadək, hüquqi şəxslər isə 25 000 manatdan 30 000 manatadək cərimələnəcək.
Qanuna əsasən, sosial şəbəkə platformalarında yaşın müəyyən edilməsi üçün texniki vasitələrin tətbiq edilməməsi, 16–18 yaş arası istifadəçilər üçün nəzərdə tutulan təhlükəsizlik tədbirlərinin təmin olunmaması, zərərli məzmunun qarşısının operativ şəkildə alınmaması, fərdi məlumatlardan qanunvericiliyə zidd istifadə edilməsi və ya yetkinlik yaşına çatmayan istifadəçilərin müraciəti əsasında məlumatların silinməsinin təmin edilməməsi də inzibati məsuliyyətə səbəb olacaq.
Bu hallara görə vəzifəli şəxslər 8 000 manatdan 9 000 manatadək, hüquqi şəxslər isə 35 000 manatdan 40 000 manatadək məbləğdə cərimə olunacaqlar.
Eyni zamanda, bu pozuntuların inzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində təkrar törədilməsi halında vəzifəli şəxslər 9 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər isə 45 000 manatdan 50 000 manatadək cərimə ediləcəklər.
Qanuna əsasən, qəbul edilən dəyişikliklər rəsmi dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək.