“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında üçüncü oxunuşda qəbul edilib.
SİA xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Əmiraslanov çıxış edib.
Deputat bildirib ki, qanunvericilikdə dövlət büdcəsinin icrası və onun həyata keçirilməsi ilə bağlı məsuliyyət mexanizmləri aydın şəkildə müəyyən edilib. Onun sözlərinə görə, dövlət büdcəsi qanunla təsdiqləndikdən sonra onun tam və səmərəli icrasının təmin olunması icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir.
Azər Əmiraslanov qeyd edib ki, dövlət büdcəsinin icrasına dair hesabatların parlamentdə müzakirəsi qanunverici orqanın nəzarət funksiyasının mühüm tərkib hissəsidir. Bu hesabatlar büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi, dövlət maliyyəsinin səmərəli idarə olunması və həyata keçirilən iqtisadi siyasətin nəticələrinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
O vurğulayıb ki, dövlət büdcəsi ölkədə həyata keçirilən vahid iqtisadi siyasətin əsas maliyyə alətidir və ayrılan vəsaitlər sosial, iqtisadi və infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Bu vəsaitlərin istifadəsinə isə qanunvericilik çərçivəsində nəzarət həyata keçirilir.
Deputatın sözlərinə görə, büdcə icrası ilə bağlı hesabatların parlamentdə müzakirəsi şəffaflığın və hesabatlılığın təmin edilməsinə xidmət edir, əldə olunan nəticələr əsasında növbəti dövr üçün prioritetlər müəyyənləşdirilir və dövlət maliyyəsinin daha səmərəli idarə olunmasına dair qərarlar qəbul edilir.
Azər Əmiraslanov çıxışının sonunda təqdim olunan hesabatın ölkənin sosial-iqtisadi inkişafının maliyyə təminatını əks etdirdiyini və dövlət vəsaitlərinin səmərəli idarə olunması istiqamətində görülən işlərin nəticələrini nümayiş etdirdiyini bildirib.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.