“İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 20-ci sessiyası Azərbaycanın İslam aləmində yüksək nüfuzunun bir daha təsdiqləndiyi mühüm beynəlxalq hadisə oldu. Tədbirdə 43 ölkədən və 11 beynəlxalq təşkilatdan 50-dən çox nümayəndə heyəti, ümumilikdə isə 500-dən çox nümayəndə iştirak etdi”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü növbədənkənar sessiyasında deyib.
Sədr bildirib ki, nümayəndə heyətləri iyunun 21-dən etibarən Azərbaycana gəlməyə başlayıb və sessiyadan əvvəl İcraiyyə Komitəsinin 56-cı iclası, daimi komitələrin toplantıları, geosiyasi qrupların və digər işçi görüşlərin keçirilməsi qəbul olunacaq qərarların daha səmərəli hazırlanmasına imkan yaradıb.
Sahibə Qafarova qeyd edib ki, iyunun 24-də keçirilən rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin sessiya iştirakçılarına müraciəti tədbirin əhəmiyyətini daha da artırıb. Prezident müraciətində İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin və birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, sessiya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqına sədrlik Azərbaycanın Milli Məclisinə təqdim olunub. Onun sözlərinə görə, bu, ölkəmizə göstərilən yüksək etimadın və Azərbaycanın İslam dünyasında artan nüfuzunun göstəricisidir.
Sahibə Qafarova bildirib ki, sədrliyi dövründə əsas prioritetlər parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, dialoqun təşviqi və üzv dövlətlər arasında əlaqələrin daha da möhkəmləndirilməsi olacaq. O, həmçinin İslam dünyasının üzləşdiyi çağırışların aradan qaldırılmasında Parlament İttifaqının rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb.
Sədr qeyd edib ki, iki gün davam edən sessiya ərzində 32 çıxış dinlənilib, İslam dünyasını narahat edən aktual məsələlər müzakirə olunub və Parlament İttifaqının gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm qərarlar qəbul edilib.
Onun sözlərinə görə, sessiyanın əsas yekun sənədi olan Bakı Bəyannaməsində üzv dövlətlərin parlamentləri arasında həmrəyliyin gücləndirilməsi, dialoqun davam etdirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq məqsədlər naminə birgə fəaliyyətin vacibliyi öz əksini tapıb.
Sahibə Qafarova əlavə edib ki, sessiya çərçivəsində Türkiyə, İran, İordaniya, Oman, Qətər, Yəmən, Malayziya, Niger, Şimali Kipr Türk Respublikası və digər ölkələrin parlament rəhbərləri ilə ümumilikdə 19 ikitərəfli görüş keçirilib. Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişafı, dostluq qruplarının fəaliyyətinin genişləndirilməsi və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.