Dr. Təranə Bayramova Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasında təkmilləşmə kursunu davam etdirir

30 İyun 2026 09:43 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Dr. Təranə Bayramova İngiltərənin Birmingem şəhərində yerləşən Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasında təkmilləşmə proqramını uğurla davam etdirir.
Təcrübə proqramının səmərəli həyata keçirilməsində Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri, Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasının mama-ginekoloqu Dr. Fidan İsrafilbəylinin təşkilati dəstəyi mühüm rol oynamaqda davam edir.
Növbəti təcrübə günü səhər viziti ilə başlayıb. Vizit zamanı bütün pasiyentlər müayinə olunub, planlaşdırılan cərrahi müdaxilələrin risk və faydaları ətraflı izah edilərək məlumatlandırılmış razılıqları alınıb. Daha sonra gün ərzində müxtəlif ginekoloji əməliyyatlar icra olunub.
Təcrübə günü ərzində ümumilikdə 6 cərrahi əməliyyatda iştirak edilib. Müxtəlif mürəkkəblik dərəcəsinə malik əməliyyat və prosedurların müşahidəsi və icrasında iştirak beynəlxalq klinik təcrübənin mənimsənilməsi, müasir diaqnostik və müalicə metodları üzrə bilik və praktik bacarıqların daha da təkmilləşdirilməsi baxımından məhsuldar və faydalı iş günü ilə yadda qalıb.
Qeyd edək ki, Böyük Britaniyada keçirilən bu beynəlxalq təcrübə proqramı mama-ginekologiya sahəsində qabaqcıl tibbi yanaşmaların, innovativ texnologiyaların və müasir dünya standartlarının öyrənilməsi, əldə olunan təcrübənin ölkəmizdə tətbiqi, pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, eləcə də Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında peşəkar əməkdaşlığın inkişafına mühüm töhfə verir.