Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil telefondan və digər elektron cihazlardan istifadəyə dair yeni qaydalar təsdiqlənib. SİA xəbər verir ki, pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti, Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının baş müəllimi Samirə Həsənova bu yanaşmanın təhsil prosesinə və məktəb mühitinə mümkün təsirləri barədə AZƏRTAC-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
-Yeni qaydaların tətbiqindən sonra məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində hansı dəyişikliklər gözlənilir?
-Mobil və elektron cihazlardan məşğələ və dərs zamanı plansız istifadə edilməsi təlim prosesinin gedişinə mənfi təsir göstərir, diqqətin təlimdən yayınmasına və öyrənmə fəaliyyətinin səmərəsinin azalmasına səbəb olur. Cihazlardan istifadənin tədris prosesinə uyğun şəkildə tənzimlənməsi şagirdlərin dərsə fəal cəlb olunmasına, müəllimlə qarşılıqlı əlaqənin güclənməsinə və öyrənmə prosesinin daha səmərəli təşkilinə şərait yaradır. Məqsəd texnologiyanı məhdudlaşdırmaq deyil, onun münasib şəkildə istifadəsini təmin etməkdir.
-Telefon istifadəsinin tənzimlənməsi sinif mühitinə və təlim prosesinə necə təsir göstərə bilər?
-Mobil və elektron cihazlardan istifadənin tənzimlənməsi dərs zamanı nizam-intizamın qorunmasına, müəllimin təlim prosesini daha səmərəli idarə etməsinə və şagirdlərin dərs fəaliyyətində fəal iştirakına müsbət təsir göstərir. Bu yanaşma sinifdaxili əməkdaşlığın güclənməsinə və təlim məqsədlərinin daha effektiv həyata keçirilməsinə xidmət edir.
-Erkən yaş dövründə ekran istifadəsinin tənzimlənməsi niyə vacibdir?
-Təlim mühitində ekran istifadəsinin yaş xüsusiyyətlərinə uyğun tənzimlənməsi öyrənmə prosesinin daha səmərəli təşkilinə imkan yaradır. Bu yanaşma texnologiyadan imtina deyil, təlim mühitinin uşaqların yaş və öyrənmə xüsusiyyətləri nəzərə alınaraq qurulması deməkdir.
-Məktəb mühitində telefondan istifadə edilməsinin sosial münasibətlərə və ünsiyyətə təsiri barədə nə deyə bilərsiniz?
-Məktəb şagirdlərin yalnız akademik bilik qazandığı deyil, həm də əməkdaşlıq, ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirdiyi mühitdir. Dərs vaxtı telefondan istifadənin tənzimlənməsi şagirdlərin müəllim və həmyaşıdları ilə daha çox canlı ünsiyyət qurmasına, qrup fəaliyyətlərində fəal iştirak etməsinə və sinifdaxili əməkdaşlığın güclənməsinə şərait yaradır.
-Dərsdə telefondan istifadə edilməsinin məhdudlaşdırılması şagirdlər üçün çətinlik yarada bilərmi?
-Yeni qaydalara uyğunlaşma ilkin mərhələdə bəzi şagirdlər üçün müəyyən çətinliklər yarada bilər. Bu, yeni qaydaların tətbiqi zamanı müşahidə olunan təbii prosesdir. Əsas məsələ qaydaların məqsədinin aydın izah edilməsidir. Şagirdlər anlamalıdırlar ki, söhbət texnologiyadan imtinadan deyil, onun təhsil mühitinə uyğun və məqsədyönlü istifadəsindən gedir.
-Xüsusi təlim tələbatı olan şagirdlərlə bağlı fərqli yanaşmaya ehtiyac varmı?
-Bəzi şagirdlər üçün elektron cihazlar təlim prosesinin ayrılmaz hissəsi və öyrənməni dəstəkləyən vasitədir. Bu səbəbdən qaydaların tətbiqi zamanı fərdi təlim tələbatlarının nəzərə alınması vacibdir. Qaydalarda da qeyd olunduğu kimi, təhsilalanlar müəllimin icazəsi və nəzarəti altında mobil və elektron cihazlardan tədris məqsədləri üçün istifadə edə bilərlər. Bu, inklüziv təhsilin prinsiplərinə uyğundur və bütün şagirdlərin təlim prosesində iştirakını dəstəkləyir, bərabər öyrənmə imkanlarının təmin edilməsinə zəmin yaradır.
-Valideynlərin övladlarının məktəbdə olduğu zaman onların vəziyyəti barədə məlumatlı olmaq istəyi məktəb qaydaları çərçivəsində necə tənzimlənir?
-Valideynlərin övladları ilə bağlı məlumatlı olmaq istəyi başadüşüləndir. Lakin nəzərə almaq lazımdır ki, məktəb mühiti şagirdlərin diqqətinin tədris prosesinə yönəldiyi, sosial və akademik inkişafın dəstəkləndiyi təhlükəsiz bir məkan kimi təşkil olunur. Bu səbəbdən ünsiyyətin planlı və müəyyənləşdirilmiş mexanizmlər üzərindən qurulması daha məqsədəuyğun hesab edilir. Zəruri hallarda valideynlərin operativ məlumat alması məktəbdəki müvafiq kommunikasiya kanalları vasitəsilə təşkil olunur. Bu yanaşma həm valideynlərin məlumatlı qalmasına, həm də tədris prosesinin fasiləsiz davam etməsinə şərait yaradır.
-Qaydaların uğurla tətbiqində valideynlərin rolu nədən ibarətdir?
-Məktəbdə tətbiq olunan yanaşmanın ailədə də dəstəklənməsi vacibdir. Evdə mobil cihazlardan istifadə ilə bağlı aydın və ardıcıl qaydaların müəyyən edilməsi məktəbdə formalaşdırılan yanaşmanı tamamlayır. Məktəb və ailə arasında əməkdaşlıq güclü olduqda yeni qaydaların tətbiqi daha səmərəli nəticə verir.
-Yeni qaydaların tətbiqi zamanı hansı çətinliklərlə qarşılaşmaq mümkündür?
-İstənilən yenilik müəyyən uyğunlaşma dövrü tələb edir. Qaydaların məqsədi və tətbiq mexanizmi aydın şəkildə izah edildikdə proses daha səmərəli şəkildə həyata keçirilir. Əsas yanaşma sağlam, təhlükəsiz və öyrənməni dəstəkləyən təlim mühitinin yaradılmasıdır. Nəzərə almaq lazımdır ki, söhbət texnologiyadan imtinadan getmir. Əksinə, hədəf rəqəmsal vasitələrdən daha şüurlu, təhlükəsiz və tədris prosesinə uyğun istifadənin təşviq edilməsidir. Qaydalarda da nəzərdə tutulduğu kimi, müəllimin nəzarəti altında və tədris məqsədilə elektron cihazlardan istifadəyə şərait yaradılıb. Bu yanaşma texnologiyanın öyrənmə prosesini dəstəkləyən vasitə kimi qəbul edilməsinə əsaslanır.
-Qaydaların tətbiqində maarifləndirmə niyə mühüm əhəmiyyət daşıyır?
-Qaydaların effektivliyi onların yalnız tətbiqindən deyil, məqsədinin düzgün izah olunmasından da asılıdır. Şagirdlər, valideynlər və müəllimlər yeni yanaşmanın mahiyyətini eyni şəkildə anladıqda onun icrası daha uğurlu olur. Maarifləndirmə, məktəb–ailə əməkdaşlığı və ardıcıl tətbiq uzunmüddətli nəticələrin əldə edilməsinə imkan yaradır.
-Gələcəkdə məktəblərdə “rəqəmsal savadlılıq və cihaz intizamı” modeli necə qurulmalıdır?
-Müasir təhsil sistemi texnologiyanı inkar edən deyil, ondan səmərəli istifadə etməyi öyrədən modelə əsaslanmalıdır. Şagirdlər rəqəmsal alətlərdən istifadə bacarıqları ilə yanaşı, rəqəmsal etikaya, informasiya təhlükəsizliyinə, məzmun seçim mədəniyyətinə və cihazlardan məsuliyyətli istifadəyə dair bilik və bacarıqlar da qazanmalıdırlar. Rəqəmsal savadlılıq yalnız texniki bacarıqların deyil, həm də təlim məqsədlərinə uyğun istifadənin formalaşdırılması deməkdir.
Telefonun məktəbdə olub-olmamasından daha vacib məsələ onun nə üçün, hansı şəraitdə və hansı vaxtda istifadə edilməsidir. Təlim mühitində prioritet məsələ keyfiyyətli öyrənmə, səmərəli təlim prosesi və sağlam, təhlükəsiz məktəb mühitinin qorunmasıdır. Belə olduğu təqdirdə texnologiya təhsilin imkanlarını genişləndirən dəyərli vasitəyə çevrilir.