“Uğur yolu” karyera inkişaf proqramının final mərhələsi baş tutub

29 İyun 2026 18:13 (UTC+04:00)

İqtisadiyyat Nazirliyində təşkil olunan dördüncü “Uğur yolu” karyera inkişafı proqramının final mərhələsi keçirilib. Bu il daha əhatəli tətbiq olunnan müsabiqədə nazirlik üzrə 4000-ə yaxın əməkdaş iştirak edib. Müsabiqənin virtual test mərhələsində yüksək nəticə əldə edən 300 əməkdaş yarımfinal mərhələsində iştirak hüququ qazanıb. İştirakçılar yarımfinalda simulyasiya xarakterli keyslərin həlli üzrə biliklərini sınayıblar. Nəticədə 48 nəfər müsabiqənin final mərhələsinə yüksəlib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, nazirlikdən bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iştirakçıları final mərhələsinə vəsiqə qazanmaları münasibətilə təbrik edib. Vurğulanıb ki, insan kapitalının inkişafı ölkəmizdə prioritet istiqamətlərdəndir və bu sahədə həyata keçirilən təşəbbüslər institusional potensialın gücləndirilməsinə xidmət edir. Qeyd edilib ki, İqtisadiyyat Nazirliyində təşkil olunan “Uğur yolu” proqramı əməkdaşların potensialının müəyyənləşdirilməsi, onların liderlik keyfiyyətlərinin, analitik düşüncə və qərarvermə bacarıqlarının artırılması baxımından önəm daşıyır. Proqram, həmçinin əməkdaşların peşəkar müstəvidə inkişafının dəstəklənməsinə və perspektivli kadr ehtiyatının formalaşdırılmasına töhfə verir.

Karyera inkişaf proqramının yekun mərhələsində iştirakçılar komanda ilə işləmək, vaxtın səmərəli idarə olunması, strateji düşünmə və digər bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, “Uğur yolu” müsabiqəsinin qalibləri peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə xüsusi təlim proqramlarında iştirak edəcəklər. Bununla yanaşı, onlar nazirliyin rəhbər şəxslərinin mentorluğu ilə həyata keçirilən proqrama cəlb olunacaq, karyera inkişafı istiqamətində əlavə imkanlar əldə edəcəklər. Proqram çərçivəsində qaliblərin idarəetmə, strateji planlaşdırma və digər mühüm istiqamətlər üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.