"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"

29 İyun 2026 16:45 (UTC+04:00)

"Universitetlərdə qəbul yerlərinin sayının son illərdə artması ali təhsilə çıxış imkanlarını genişləndirsə də, artan tələbat fonunda bu, hələ də kifayət etmir".

Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Çingiz Səfərli bildirib.

Onun sözlərinə görə, bizdə hələ də valideynlər düşünür ki, ali təhsil müəssisəsini bitirmək yeganə çıxış yoludur: "Nəticədə, yerli ali təhsil müəssisələrinə qəbul ola bilməyənlər xarici universitetləri alternativ seçim kimi dəyərləndirirlər.

Bundan başqa bizdə ali təhsil müəssisələrinə qəbulun bir sıra ölkələrlə müqayisədə çətin olması da, bu prosesə təkan verən faktorlardandır. Halbuki təkcə attestatla qəbul aparan ölkələr var.

Xaricdə təhsil almaq avtomatik olaraq daha keyfiyyətli təhsil almaq demək deyil. Bu gün Azərbaycanın bir sıra ali təhsil müəssisələri gənclərin attestatla qəbul olduqları o xarici universitetdən qat-qat daha keyfiyyətli təhsil təqdim edir. Tədris proqramları, professor-müəllim heyəti, laboratoriya imkanları və beynəlxalq əməkdaşlıq baxımından ölkəmizdə kifayət qədər rəqabətqabiliyyətli universitetlər mövcuddur. Bunu QS və THE reytinqlərinə düşən və ildən-ilə mövqeyini daha da yaxşılaşdıran ali təhsil müəssisələrimizin sayının artmasında da görə bilərik.

Xaricdə təhsil, əlbəttə, mühüm üstünlüklər qazandıra bilər. Lakin burada əsas məsələ hansı ölkədə oxumaq deyil, hansı universitetdə təhsil almaqdır. Gənclər seçim edərkən universitetin beynəlxalq akkreditasiyasını, reytinq göstəricilərini, akademik nüfuzunu, məzunlarının əmək bazarındakı uğurlarını və tədrisin real keyfiyyətini araşdırmalıdırlar. Yalnız diplom əldə etmək məqsədilə keyfiyyəti şübhə doğuran universitetlərə üz tutmaq sonradan ciddi problemlər yarada bilər.

Xüsusilə nəzərə almaq lazımdır ki, son illərdə xaricdə əldə olunan təhsil sənədlərinin tanınması istiqamətində tələblər daha da sərtləşdirilib.

Nəticə etibarilə, məsələni "xaricdə təhsil daha yaxşıdır" və ya "Azərbaycanda təhsil daha üstündür" kimi qiymətləndirmək düzgün yanaşma deyil. Əsas meyar universitetin keyfiyyəti, məzunun əldə etdiyi bilik və bacarıqlar, eləcə də həmin təhsilin gələcək peşə fəaliyyətinə real töhfə verməsidir. Bu baxımdan həm ölkəmizdə, həm də xaricdə uğurlu seçim etmək mümkündür. Əsas şərt seçimin düşünülmüş və keyfiyyət meyarlarına əsaslanmasıdır".

Lətifə Abdıyeva