“Təhsil sənədlərinin təsdiqlənməsi yalnız texniki prosedur deyil“ - EKSPERT DANIŞDI

29 İyun 2026 16:43 (UTC+04:00)

“Diplomların onlayn qaydada təsdiqlənməsi rəqəmsallaşan təhsil sisteminin mühüm yeniliklərindən biri hesab olunur. Bu yanaşma inzibati prosedurların sadələşdirilməsi və xidmətlərin daha operativ göstərilməsi baxımından əhəmiyyətli üstünlüklər təqdim etsə də, prosesin etibarlılığı və qiymətləndirmənin obyektivliyi ilə bağlı müəyyən suallar da yaradır”.

Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Murad bildirib.

Onun sözlərinə görə, onlayn təsdiqləmə sistemi ilk növbədə vaxt və resurs itkisinin qarşısını alır: ”Tələbələrin sənədləri müxtəlif qurumlara fiziki şəkildə təqdim etməsinə ehtiyac qalmır, müraciət prosesi daha sürətli həyata keçirilir və nəticələrin əldə olunması asanlaşır. Bu, xüsusilə regionlarda yaşayan məzunlar üçün əlavə xərc və vaxt itkisini minimuma endirir.

Digər tərəfdən, təhsil sənədlərinin təsdiqlənməsi yalnız texniki prosedur deyil, həm də akademik etibarlılığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əgər proses zamanı lazımi yoxlama mexanizmləri tətbiq edilməzsə, təqdim olunan məlumatların doğruluğu və məzunların bilik səviyyəsinin obyektiv qiymətləndirilməsi ilə bağlı risklər yarana bilər.

Bu səbəbdən onlayn sistemin effektiv işləməsi üçün rəqəmsal təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, sənədlərin elektron bazalar vasitəsilə dəqiq yoxlanılması və zəruri hallarda videomüsahibə və ya əlavə qiymətləndirmə mexanizmlərinin tətbiqi məqsədəuyğun hesab olunur. Belə yanaşma həm prosesin şəffaflığını artırır, həm də diplomların etibarlılığına olan ictimai inamı qoruyur.

Diplomların onlayn təsdiqlənməsi müasir dövrün tələblərinə cavab verən praktik həll yollarından biridir. Lakin bu sistemin uğurlu tətbiqi yalnız sürətli xidmət göstərilməsi ilə deyil, eyni zamanda şəffaflıq, obyektivlik və etibarlılıq prinsiplərinin tam təmin olunması ilə mümkündür”.